Dünən "DİA-AZ" olaraq məlumat verib bildirdik ki, Naxçıvanda səhiyyə sahəsində aparılan islahatlar xeyir gətirmək yerinə həm xəstələri, həm də işçiləri ziyana salıb. İslahata tuş gələn müəssisə işçilərinin yarısı ixtisar olunub, qalanların isə maaşı kəskin azaldılıb. Söhbət qəsəbə və kəndlərdəki ambulatoriya və feldeşer-mama məntəqələrinin bağlanıb, Ailə Sağlamlıq Mərkəzlərinə (ASM) birləşdirilməsi islahatından gedir.
Xəstələrin və əməkdaşların işini çətinə salan odur ki, bu mərkəzlərin əksəriyyəti ucqar dağ kəndlərinə salınıb. Məntəqələri bağlanan kənd sakinləri və tibb işçiləri bu mərkəzlərə çatmaq üçün əlavə xərc çəkib, uzun yol qət etməli olurlar.
Bu islahatlardan ən çox ziyan çəkən dağlıq ərazidə yerləşən Ordubad rayonudur. Məsələn, buradakı ASM-lərdən biri rayonun ən ucqar kəndi sayılan Tiviyə salınıb. İslahatlara kimi öz kəndlərində çalışan tibb işçiləri bu kəndə çatmaq üçün indi hər gün taksi ilə 15-20 kilometr yol getməli olurlar.
Həmin ASM-də çalışan işçilər deyir ki, islahatlar öncə ixtisarlarla başlayıb. İxtisara salınanların yerinə isə rüşvət alıb, yenilərini qəbul ediblər...
DÜNƏNKİ YAZIMIZ BURADA: Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb... - BU NƏDİ BELƏ?
Qeyd edək ki, bu yazımız nədənsə Naxçıvan Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən qıcıqla qarşılanıb. Hər halda, gördükləri işlərin yaratdığı fəsadları aradan qaldırmalı olan MR-nın səhiyyə başbilənləri bu neqativləri ictimailəşdirən bizləri hədəf seçməklə yanlışa yol vermiş oldular.
Məsələn, bizə dünəndən bəlli oldu ki, Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən ASM işçilərinə təlimat verilib ki, "DİA-AZ"ın "Tik-tok" səhifəsinə girərək guya yazdıqlarımızın yalan olduğunu sübutlasınlar.
Və həqiqətən də dünəndən sosial şəbəkə səhifəmizə bir trol basqısı var. Özünü xadimə, sıravi işçi və s. kimi təqdim edib profil şəklində isə az qala modellərsayağı görünən xanımların əslində ucuz trol şousunun sıradan iştirakçıları olduğu gün kimi seizilir.
Bununla yanaşı, "DİA-AZ" olaraq belə bir TROL TƏLİMATININ verildiyini sübutlayan konkret fakta da malikik. Aşağıdakı foto-ya diqqət edin və Culfa rayonu Əbrəqunus ASM-yə bağlı Xoşkeşin kənd ASM-də mama vəzifəsində işləyən Nuray xanımın yuxarıların tapşırığı ilə sıravi işçilərə necə təlimat verdiyinə diqqət edin.
Göründüyü kimi Naxçıvanda səhiyyə nazirliyinin rəhbərliyi yenə də köhnə üsullarla işləməyə üstünlük verirlər. Onlar yürütdükləri yanlış siyasətin fəsadlarını aradan qaldırmaq əvəzinə daha da betərinə əl atırlar: YALANLAMA YOLU tutaraq əslində öz ayıblarını ört-basdır etməyə çalışırlar ki, bununla da onlar yalnız məhbəsə gedə bilərlər... uzağa yox!
Məsələ diqqətimizdədir. Əlavə faktlarımız var və növbəti yazıda Naxçıvan səhiyyəsində müşahidə olunan digər fırıldaqlardan da danışacağıq... Bizi izləməyə davam edin...