Rusiyada yanacaq böhranı daha da dərinləşir.
Sherg.az Reuters-a istinadən xəbər verir ki, əvvəlcə Krım və Uzaq Şərqdə başlayan yanacaq çatışmazlığı indi Mərkəzi Rusiyaya da yayılıb. Ryazan, Nijni Novqorod, Saratov, Samara, Ulyanovsk, Penza, Rostov, Astraxan vilayətləri, həmçinin Kalmıkiya və Tatarıstan da mövcud vəziyyətdən təsirlənib.
Bəzi bölgələrdə 92 və 95 oktanlı benzinin tədarükü həftələrlə dayanıb, bir neçə neftayırma zavodu fəaliyyətini dayandırıb.
Eyni zamanda, Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Baltik dənizindəki ən böyük neft ixrac terminalı olan Primorska zərbə endirib. Reuters yazır ki, “kölgə donanması”na aid Seyşel bayrağı altında üzən iki tanker (Kusto və Cai Yun) və limanın nasos stansiyası zədələnib.
Hücumdan sonra Primorsk fəaliyyətini dayandırıb. Bu dayanma Rusiyaya yüz milyonlarla dollara başa gələ bilər, çünki terminal gündə təxminən 100 milyon dollarlıq neft məhsulları emal edir.
Agentliyin mənbələrinə görə, əməliyyat Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) tərəfindən planlaşdırılıb.