Son günlər təbii olaraq bütün dünyanın diqqəti Tramp ilə Putinin Alyaskada görüşünə fokuslanmışdı. Nəhayət, danışıqlar baş tutdu, amma nəticə əldə edilmədi. Əslində, çoxları görüşdən əvvəl də bir həqiqəti yazırdı və yekun nəticə də bu həqiqəti bir daha təsdiqlədi: qonşu ölkəyə qarşı amansız müharibəyə başlayan və onu dayandırmaq niyyətində olmayan diktatoru ABŞ ərazisinə dəvət etməyə heç bir ehtiyac yox idi. Bu addım sadəcə beynəlxalq axtarışda olan şəxsi – dünyada avtoritar idarəetmə ideyalarına simpatiyası olan adamların gözündə yenidən “legitimləşdirdi”.
ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin danışıqları gözlənildiyi kimi uğursuz oldu. Hətta Trampın məşhur “sövdələşmə bacarığı” da bu müharibəni dayandıra bilmədi. Bu barədə “The Telegraph”ın şərhçisi Daniel Depetris yazıb.
O, Ağ Evin rəhbərinin Alyaskaya yollanmamışdan əvvəl dediklərini xatırladıb: əgər Putinlə atəşkəslə bağlı razılaşa bilməsə, görüşdən razı qalmayacaq. Depetris qeyd edir ki, Tramp görüşdən öncə də yaxşı anlayıb: cümə günü Alyaskada hər şey baş verə bilər.
Nəticədə, üç saata yaxın davam edən danışıqlardan sonra tərəflər yalnız “müəyyən irəliləyiş” əldə etdiklərini bildirib, müzakirələri “çox məhsuldar” adlandırmaqla kifayətləniblər.
Putin görüşü “çoxdan gözlənilən” adlandırıb, ABŞ-Rusiya münasibətlərinin pisləşməsində Bayden administrasiyasını ittiham edib və heç olmasa şəxsən görüşməyə hazır olduğuna görə Trampı tərifləyib. Hətta tərifində o qədər irəli gedib ki, Trampın dəfələrlə səsləndirdiyi iddianı təkrar edib: Tramp dərhal ikinci müddətə prezident seçilsəydi, Ukrayna müharibəsi başlamazdı.
Depetris yazır ki, “özünü dinləməyi sevən adam” kimi tanınan Tramp bu dəfə mətbuat konfransında çox susqun olub, az danışıb. Dəfələrlə “əsas məsələlərdə irəliləyiş” olduğunu desə də, konkret mövzuları açıqlamayıb. Adətinə uyğun mehriban ev sahibi (əgər sizin adınız Volodimir Zelenski deyilsə) obrazını oynayan Tramp Putinin ünvanına tərif yağdırmağı da unutmayıb: guya, o, Ukraynada sülhü çox istəyir. Halbuki, bu iddianı təsdiqləyən sübutlar yoxdur.
“Nəticədə, Ukrayna ilə bağlı sülh sazişi əldə olunmadı. Trampın, Zelenskinin və Avropanın ümid etdiyi “dərhal atəşkəs” əldə edilmədi. Əsas məsələlər üzrə sammit tamamilə uğursuz oldu”, – Depetris vurğulayıb.
O, qeyd edib ki, görüşün nəticələri bu mövzudan xəbərdar olanlar üçün sürpriz olmamalıdır. “Moskva ilə Kiyev arasındakı ziddiyyətlər hazırda o qədər dərindir və aradan qaldırılması mümkün deyil ki, Qərbdə bir çox analitiklər sual edirdi: Tramp niyə ümumiyyətlə Alyaskaya getdi?”
Onun fikrincə, Tramp Vaşinqtona qarışıq hisslərlə dönəcək. Çox güman ki, nəticədən məyusdur. Çünki gözləntilərini özü aydın ifadə etmişdi: atəşkəs və əgər hər şey yaxşı getsə, Zelenski ilə birlikdə üçtərəfli görüş.
“Amma nəticədə Alyaskanı gözləntisinin birinci bəndi olmadan tərk edir, ikinci bənd isə hələ sual altındadır. Sabah döyüşlər bu gün olduğu qədər amansız şəkildə davam edəcək”, – deyə Depetris yazır.
“Burada hər şey sadədir: Tramp özünün “möhtəşəm sövdələşmə qabiliyyəti” ilə nə qədər desəniz öyünə bilər, amma Ukrayna müharibəsində əsas fiqur o deyil. O, nə qədər təzyiq göstərsə, dilə tutsa da – atəşkəs barədə qərarı yalnız Zelenski və Putin verəcək”, – deyə o, əlavə edib.
Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton isə bildirib ki, görüş Putinə aydın üstünlük verdi:
“Tramp uduzmadı, amma Putin açıq şəkildə qazandı. Tramp yeni görüş vədlərindən başqa heç nə əldə etmədi. Putin isə sanksiyalardan yayınmağı bacardı, atəşkəs təhlükəsi yoxdur, növbəti görüş müəyyən edilməyib, Zelenski isə bütün bunları yalnız mətbuat konfransında eşitdi”.
Bolton vurğulayıb ki, danışıqlar prosesin sonu deyil, amma artıq indidən demək olar: “Putin istədiyinin çox hissəsini aldı, Tramp isə çox az şey əldə etdi”.
ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Mərkəzi Asiya üzrə keçmiş baş direktoru Erik Qrin isə əmindir ki, Alyaskadakı sammit Vaşinqtonun Ukrayna siyasətində dəyişiklikləri əks etdirir.
“Financial Times”dəki məqaləsində yazır: “Ankoricdəki sammit ABŞ-ın Tramp dövründə Ukraynaya münasibətinin dəyişdiyini göstərdi”.
Qrin əlavə edib ki, hazırda Ukraynanın mövqelərinin zəifləməsi açıq görünür: “ABŞ getdikcə daha çox təsir rıçaqlarını itirir, Putinin təcridinə son qoyur və Trampın Avropa təhlükəsizliyinə baxışı, eləcə də Ukraynanın və Rusiyanın rolu ilə bağlı fundamental suallar yaranır”.
“Washington Post” isə yazır ki, nəticədən asılı olmayaraq Alyaska görüşü Putin üçün diplomatik qələbə oldu. Görüş ona ABŞ prezidentinə mövqeyini birbaşa çatdırmaq imkanı verdi və Vaşinqtonun yeni sanksiyaları təxirə salmasına şərait yaratdı.
Qəzet Putinə göstərilən isti münasibətə xüsusi diqqət çəkib. Məqalədə qeyd edilir ki, Tramp Putini qırmızı xalçada alqışlayıb, liderlər əl sıxıblar, zarafat ediblər, gülüblər. Bu cür isti qarşılama Avropada ciddi narahatlıq doğurub.
Ümid bir şeyə qalır: Amerikada Trampa təsir edə biləcək kifayət qədər nüfuzlu şəxslər tapılacaq. Trampı reallığa qaytaracaq bu şəxslər ya onun təcavüzkarla ünsiyyətini kəsə biləcəklər, ya da ən azı sərt ultimatumlar qoyaraq, bütün cəbhələrdə ona təzyiqi artıracaqlar.
Pressklub.az