ARZU RƏHİMOVA AĞDAMDAKI KADRINDAN ŞİKAYƏT
Tarix: 24-10-2013, 13:41 |
Çap et
AĞDAMLILAR HƏRBİ KOMİSSARDAN ŞİKAYƏTÇİDİR
DİA.AZ: - Bir sıra rayonların hərbi komissarlarının işindən hələ də narazılıqlar var. Doğrudur, bu gün hərbi çağırış sistemində kifayət qədər ciddi yenilənmələr olub. Amma buna rəğmən ciddi problemlər qalmaqdadır ki, bu da daha çox birbaşa olaraq kadrların keyfiyyətindən qaynaqlanır.
Redaksiyamıza müraciət edən bir qrup Ağdam rayon sakini bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şöbəsinin rəisi Seymur Qurbanovdan giley-güzar edirlər. Sakinlər bildirir ki, xəstə, səhhətində doğrudan da ciddi problemlər olan çağırışçılar silahlı qüvvələrə cəlb olunduğu halda, sağlam olan çağırışçılari rahatlıqla hərbi xidmətdən yayınırlar.
Sakinlər DİA.AZ-a yazır: «Biz öyrənmişik ki, Seymur Qurbanov əvvəl Hacıqabulda hərbi komissar olub. Və orada da əməlli-başlı bazar açıbmış. Artıq bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova da şikayət ünvanlamışıq. Amma deyəsən, şikayətimiz Arzu müəllimə çatmayıb. Ya da ona elə Seymur Qurbanov kimi işçilər sərfəlidir. Buna aydınlıq gətirməlidirlər».
Narazı sakinlərin sözlərinə görə, bu gün Ağdamda hərbi xidmətdən yayınmaq üçün çağırışçılardan 2-3 min manat arası pul yığılır: «Belə getsə, Azərbaycanda düşmən qarşısına ancaq xəstələr çıxarılacaq».
Qarşı tərəfi də dinləməyə hazırıq…