"Öz şəxsi həyat təcrübəmdən çıxış edərək demək istəyirəm ki, bu ölkədə ləyaqətlə, vicdanla yaşamaq istəyən insanın maddi cəhətdən ağır durumda olması artıq təəccüblü deyil, əksinə, tamamilə qanunauyğun bir nəticədir. Çünki belə bir sistemdə özünü satmayan, əyilməyən, haqqa nahaqq deməyənlər üçün heç bir imkan qalmayıb". "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.

İ.Abbasov daha sonra əlavə edib:

İ.Abbasov daha sonra əlavə edib:
Vaxtilə özünü "ziyalı" adlandıran bir müsahibim mənə demişdi: “İdris, səni də alacaqlar. Çalış, özünü baha sat.”
Bu ifadə təkcə bir insanın fikri deyil, bu, bütöv bir düşüncə tərzinin, əxlaqsız bir sistemin formuludur. Mən isə bu cür yaşamı seçmədim. Və bu cür bir cəmiyyətdə kasıb yaşamağım vicdanımın səsinə qulaq asmağımın nəticəsidir. Allah məhrum etməsin!
Ancaq bu yaxınlarda yaşadığım acı bir hadisə, bu ölkədə təkcə mənəvi deyil, həm də tibbi və etik çöküşün nə qədər dərinləşdiyini göstərdi.
Cari ilin may ayında həyat yoldaşım Bakının mərkəzində yerləşən, reklamı göyə ucaldılan "Zəfəran Hospital"da tanınmış damar cərrahı İlyas Həsənli tərəfindən hər iki ayağından varikoz əməliyyatı olundu. Qəbul olunmuş tibbi protokollara görə, belə hallarda bir ayaq əməliyyat edilir, digərinə isə müəyyən müddət sonra müdaxilə olunur. Ancaq bu cərrah 13 və 14 may tarixlərində, yəni iki gün ardıcıl yoldaşımı iki dəfə ümumi narkoz altında əməliyyat etdi. Xəstənin narkozdan ayılması və özünə gəlməsi xeyli ağır keçdi və ev şəraitində də ağırlaşmalar oldu (Vicdansızlığın dərəcəsinə baxın ki, 3 gün sonra həkim verdiyi epiqrizdə yazıb ki, əməliyyat yerli keyitmə ilə edilib və xəstə onda heç bir allergik reaksiyanın olmadığını dedi!).
Guya əməliyyatın dəyəri 5000 manat idi. 80%-ni sığorta qarşılayırmış, amma 1200 manat özümüz ödəməliyik. Nəhayət lütf edib 900 manata endirdilər. Hətta 1 gün xəstəxanada saxladıqlarına görə əlavə 150 manat istədilər, artıq onu verməyə pulumuz qalmamışdı. İllərlə təhsil verib, araşdırma aparıb 700 manat maaş alan bir adam bu pulu necə ödəməlidir?! Sual budur: Sığorta sisteminin məqsədi vətəndaşı qorumaqdır, yoxsa sistemin içindəki alveri maliyyələşdirmək?!
Daha dəhşətlisi isə odur ki, həmin həkim gündə 25-40 əməliyyat həyata keçirir! Bu nə peşəkarlıqdır, nə də tibbi etika. Bu, açıq şəkildə səhiyyənin bazara çevrilməsidir. Bu qədər məsuliyyətsizliyin nəticəsində həyat yoldaşımda ciddi ağırlaşmalar baş verdi: damarlar yarımçıq işlənmiş, ayaqlarda tromblar yaranmışdı. Nəticədə o, 2 ay sonra 3-cü dəfə açıq əməliyyat olunmalı oldu. Qarşıda isə 4-cü əməliyyat gözlənilir.
Bütün bunlar bir daha sübut edir ki, səhiyyədəki bəzi “tanınmış” simalar Hippokrat andı yox, PUL andı içirlər. Onlar üçün əsas məqsəd insanı sağaltmaq deyil, pul qazanmaqdır. Və bu alverin fonunda insan həyatı sadəcə texniki detallara çevrilib.
Mən bunu yazmaqla şəxsi bir şikayəti dilə gətirmirəm. Onsuz da mənə dəyən dəyib. Mən ictimaiyyətə, medianın dürüst nümayəndələrinə, Səhiyyə Nazirliyinə, Tibbi Sığorta Agentliyinə və cəmiyyətin düşünən təbəqəsinə çatdırmaq istəyirəm:
1) İctimai və dövlət xəstəxanalarında həkimlərin gündə neçə əməliyyat keçirdiyi monitorinq olunmalıdır.
2) Reklamla bəslənən özəl xəstəxanalarda real tibbi göstəricilər, fəsad halları və şikayətlər müstəqil qurumlar tərəfindən araşdırılmalıdır.
3) Sığorta sisteminin şəffaflığı təmin olunmalı, təkrar əməliyyatlar, tibbi səhvlər və korrupsiya elementləri aşkarlanaraq cəzalandırılmalıdır.
Vicdanla yaşayan insanların bu qədər əzildiyi, rüşvət və riyakarlıqla sürünən bir cəmiyyətin nə adil dövləti, nə də sağlam gələcəyi ola bilər..."