Göyçay rayonu, Bığır kənd sakini, 1961-ci il təvəllüdlü Eyyubov İkram Faiq oğluna məxsus olan tövlə dekabrın 13-də əsən güclü külək nəticəsində uçma təhlükəsi ilə üz-üzə qalıb.
Hurriyyet.az-a müraciət edən İ.Eyyubovun sözlərinə görə, tövlə hər an uça bilər və bu, həm insanlara, həm də heyvanlara xəsarət yetirə bilər: “Məcburiyyətdən 2 böyük baş heyvanı çöl şəraitndə, soyuq havada saxlayırıq. Uçmaq təhlükəsi olan tövlənin daxilində isə 2 buzov ölüm təhlükəsi ilə üz-üzə qalıb”.
İkram Eyyubovun sözlərinə görə, o, bu problemlə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə, həmçinin Göyçay Rayon İcra Hakimiyyətinin Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət edib. Lakin qarşı tərəflərdən heç bir reaksiya olmayıb.
Qeyd edək ki, “Hürriyyət” olaraq, məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin bizim zənglərimiz də cavabsız qaldı.