Rəsmi Bakı Cənubi Qafqazda daha fəal mövqe tutmağa çalışır. Bu, xüsusilə də ticarət yollarına nəzarət məsələsinə aiddir. Bu barədə ABŞ-ın “Fitch Solutions” (FS) qurumunun proqnozlarında qeyd edilir.
FS analitiklərinin fikrincə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər etnik və mədəni bağlar, həmçinin hərbi əməkdaşlıq səbəbindən dərinləşib. Eyni zamanda, Avropa İttifaqı Rusiyadan qaz asılılığını azaltmağa çalışaraq, Azərbaycanı enerji resursları təchizatçısı kimi nəzərdən keçirir.
Bundan başqa, qeyd olunur ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər mürəkkəb və praqmatik olaraq qalacaq. Rusların Azərbaycan təyyarəsini vurması və Rusiyada həbs olunan azərbaycanlıların öldürülməsi ilə bağlı artan gərginliyə baxmayaraq, münasibətlərin tam qırılması ehtimalı aşağıdır. Moskvanın Bakının cavab addımlarına – diplomatik etirazlara və Rusiya şirkətlərinə qarşı məhdudiyyətlərə yumşaq reaksiyası – tərəflərin münasibətləri tənzimləmək istəyindən xəbər verir.
“Azərbaycan Şərqlə Qərb arasında strateji mövqeyindən istifadə edərək manevr imkanını qoruyacaq və Rusiyanın həddindən artıq təsirindən yayınacaq. Lakin maraqlar üst-üstə düşərsə, Moskva ilə əməkdaşlığı davam etdirəcək”, – FS analitikləri əlavə ediblər.
Eyni zamanda, Azərbaycan KİV-lərinin məlumatına görə, ölkə Rusiyadan buğda idxalını beş dəfə azaldıb. 2025-ci ilin yanvar-iyul aylarında Bakı Moskvadan təxminən 87 ton taxıl alıb. Maraqlıdır ki, 2024-cü ildə ölkəyə idxal edilən buğdanın 90,2%-i Rusiyanın payına düşürdü.
Bundan əvvəllər bildirilmişdi ki, Rusiya artıq Azərbaycandan pomidor alışını dayandırıb. Bu səbəbdən də, Azərbaycanın bir sıra bölgələrinin fermerləri məhsullarının satışı ilə bağlı ciddi problemlə üzləşiblər. Bu il tərəvəz bolluğu və daxili bazarda tələbatın olmaması səbəbindən məhsul kütləvi şəkildə istehlak olunmur. Halbuki, əvvəllər Azərbaycan pomidorların 96%-dən çoxunu Rusiyaya problemsiz satırdı. İxracın cəmi 2%-i Belarusun, 1%-i isə Polşanın payına düşürdü. İlham Əliyevin Kiyevlə dost münasibətlərinə baxmayaraq, Ukrayna Azərbaycan pomidorlarını almaqda maraqlı deyil – bu ölkəyə 1%-dən az məhsul göndərilir.
Fermerlər narazıdırlar və bildirirlər ki, əvvəllər məhsullarını Rusiyada asanlıqla realizə edirdilər. Onların fikrincə, Rusiyanın iri idxalçıları siyasi səbəblər göstərərək qəsdən Azərbaycan məhsullarını almırlar.
Qeyd etmək lazımdır ki, hansısa ölkə ilə fikir ayrılığı olduqda Rusiya üçün mal dövriyyəsinin və iqtisadi münasibətlərin səviyyəsi heç vaxt siyasi məsələlərdə həlledici rol oynamayıb. Xüsusən də, əgər bu ölkə Kremlin düşüncəsinə görə ondan asılı vəziyyətdədirsə – Moskvanın postsovet dövlətlərinin əksəriyyətinə məhz bu cür yanaşdığı isə hamıya məlumdur. Bu baxımdan Azərbaycan mövcud vəziyyətə ciddi yanaşmalıdır. Yəni, Bakı düşünməməlidir ki, Rusiya ilə iqtisadi əlaqələr davam edirsə, Moskva sənin əleyhinə təhlükəli planlar qurmur.
“Fitch Solutions”un analizində qeyd edilir ki, bütün siyasi çətinliklərə baxmayaraq, Azərbaycan və Rusiya hələ iqtisadi əlaqələri tam qırmağa hazırlaşmırlar. Amma bu, nə qədər belə davam edəcək? Mal dövriyyəsinin azalması tendensiyası göz qabağındadır. Sonra nə ola bilər?
Rusiyalı ekspert, “Demokratik Seçim” siyasi partiyasının həmsədri, “Liberal Missiya” fondunun (Moskva) Şura üzvü Sergey Javoronkov Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında ticarət strukturu hər iki ölkəyə müəyyən üstünlüklər verir. “Bir tərəfdən Azərbaycan üçün mənfi cəhət ondan ibarətdir ki, o, dünya bazarında yüksək rəqabətli mallar (kənd təsərrüfatı məhsulları, tekstil) satır, yəni bunlar nisbətən tez əvəz olunan məhsullardır. Amma üstünlüyü ondadır ki, Azərbaycan ticarətdə əhəmiyyətli defisitə malikdir (başqa sözlə desək, ticarət tam dayansa, daha çox Rusiya itirəcək). Üstəlik, Rusiyada satışın payı ümumi ixrac strukturunda 5%-dən azdır – yəni bu, kritik deyil. Yeri gəlmişkən, Moskva vilayətində yaşayan şəxs və pomidor həvəskarı kimi deyə bilərəm ki, Azərbaycan pomidorlarının bazardan yoxa çıxması barədə məlumatlar yanlışdır. Onlar bazarda var və təxminən eyni qiymətə satılır. Təbii ki, mövsümi dəyişiklikləri nəzərə almaqla.
Gələcəyə dair proqnozlara gəlincə, burada hər iki ölkədə qərarların qəbulunda birinci şəxslərin və onların münasibətlərinin çox güclü rol oynadığını nəzərə alsaq, proqnoz vermək çətindir. Bir il əvvəl Putin Azərbaycana səfər etmişdi və səfərin kifayət qədər dost şəraitində keçdiyi görünürdü. Amma bir il ərzində nəsə dəyişdi, kimsə kimdənsə incidi. Bütün hallarda Rusiya ilə ticarət Azərbaycan üçün kritik deyil”, – Javoronkov hesab edir.