Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesində yeni mərhələyə start verilib. Sentyabrın 12-də Türkiyənin xüsusi nümayəndəsi, diplomat Serdar Kılıç Ermənistana səfər edib. Erməni mediasının məlumatına görə, Kılıç Ermənistan–Türkiyə sərhədində yerləşən Marqara sərhəd-keçid məntəqəsində Ermənistanın xüsusi nümayəndəsi, Parlamentin vitse-spikeri Ruben Rubinyan tərəfindən qarşılanıb. Qeyd edək ki, bundan bir neçə gün öncə jurnalistlərə açıqlama verən Rubinyan bildirmişdi ki, görüşdə iki ölkə arasında münasibətlərin tənzimlənməsi ilə bağlı gündəlikdə duran məsələlər müzakirə olunacaq.
Sərdar Kılçın Ermənistanın xüsusi nümayəndəsi ilə yanaşı hökumətin digər rəsmiləri ilə görüşləri də nəzərdə tutulub. Görüşlərin əsas gündəliyi sərhədlərin açılması, ticarət və nəqliyyat infrastrukturunun bərpası, həmçinin diplomatik missiyaların yenidən qurulmasıdır. Ekspertlərə görə, Türkiyə bu addımla region üçün strateji əhəmiyyət daşıyan bir prosesin rəsmi startını verib.
Maraqlıdır ki, bu proses yalnız iki ölkə arasında deyil, həm də Azərbaycanla koordinasiya şəraitində aparılır və Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün önəmli hesab olunur. Məqsəd yalnız Türkiyə və Ermənistan arasında əlaqələri bərpa etmək deyil, eyni zamanda Azərbaycanla üçtərəfli əməkdaşlıq üçün şərait yaratmaqdır.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan sərhədlərin açılmasına müsbət yanaşır və müzakirələrin davam etdiyini açıqlayıb. Ermənistan mediası və ekspertlər vurğulayırlar ki, Paşinyan bu addımı regionda iqtisadi faydaların artırılması və sülhün möhkəmləndirilməsi üçün strateji addım kimi qiymətləndirir. Onun açıqlamalarından aydın olur ki, Ermənistan hökuməti həm iqtisadi, həm də siyasi baxımdan Türkiyə ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Şübhəsiz ki, prosesin ən vacib aspektlərindən biri atılan addımların Azərbaycanla koordinasiyadır. ABŞ vasitəçiliyi ilə imzalanmış Azərbaycan-Ermənistan sülh müqaviləsi və regionun strateji layihəsi olan Zəngəzur dəhlizi bu koordinasiyanın mərkəzindədir. Bu layihələr Azərbaycan-Türkiyə-Ermənistan üçtərəfli əməkdaşlığı və Naxçıvanla quru əlaqəsini təmin edir, eyni zamanda bölgədə sabitlik üçün vacib mexanizmdir. Xatırladaq ki, ABŞ hökuməti artıq Zəngəzur nəqliyyat qovşağının inşası üçün 145 milyon dollar ayırmağa qərar verib.
Ekspertlər bildirirlər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması və iqtisadi əlaqələrin bərpası, həmçinin prosesin Azərbaycanla koordinasiyası, regionda potensial münaqişə risklərini azaltmaqla yanaşı, Ermənistanın NATO və ABŞ ilə əməkdaşlığını da asanlaşdırır.
Proses yalnız üç ölkənin maraqlarına xidmət etmir, eyni zamanda regionda digər aktorların, xüsusilə Rusiyanın təsirini balanslaşdırmağa imkan verir. Analitiklər qeyd edirlər ki, Ermənistan üçün müstəqil və suveren siyasət yürütmək prioritetdir və bu baxımdan, Azərbaycanla koordinasiya Türkiyə ilə əməkdaşlıq prosesini də gücləndirir. Eyni zamanda, ekspertlər vurğulayırlar ki, sülh prosesi uzunmüddətli iqtisadi və siyasi faydalar gətirəcək, Türkiyə və Ermənistan arasında ticarət və nəqliyyat infrastrukturunu normallaşdıracaq, enerji və logistik layihələrin inkişafına imkan verəcək.
Yekun olaraq qeyd edək ki, Sərdar Kılçın İrəvana səfəri və Türkiyə-Ermənistan dialoqu Cənubi Qafqazda strateji əhəmiyyətli bir prosesin başlanğıcını simvolizə edir. Sərhədlərin açılması, diplomatik əlaqələrin bərpası və Azərbaycanla koordinasiya, bölgədə uzunmüddətli stabillik, iqtisadi inkişaf və sülhün möhkəmləndirilməsi üçün vacibdir.
Analitiklər vurğulayırlar ki, prosesin uğuru üçün Azərbaycanla üçtərəfli əməkdaşlığın davamlı olması, həmçinin tərəflərin regionda digər xarici təsirlərdən asılılıqları minimuma endirməsi vacibdir. Prosesin gedişi həm Türkiyə, həm Ermənistan, həm də Azərbaycanın strateji maraqları baxımından diqqətlə izlənilməlidir.