Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Elə bu səbəbdən valideynlər övladları üçün məktəb alış-verişinə üz tuturlar. Ölkənin müxtəlif ərazilərində elə qiymətlər də müxtəlifdir.
Apardığımız araşdırmalara əsasən, bir şagirdin tədris ilinə hazır olması üçün nə qədər büdcəyə ehtiyacı olduğunu sizlərə təqdim edəcəyik.
Belə ki, bu günlərdə paytaxtda məktəb ləvazimatlarının qiymətləri orta hesabla belədir:
Sadə dəftər (12 vərəq) – 0.15 AZN
Keyfiyyətli brend dəftərlər – 1.60 - 2.20 AZN
Sadə qələm – 0.20 - 0.40 AZN
Keyfiyyətli qələm – 1.00 - 2.00 AZN
Məktəbli çantası – 25 - 100 (bəzən 110+) AZN
2025-ci ilin iyul ayından etibarən BTE-nin forma və geyim əşyalarında 25%-ə qədər endirim tətbiq edilib. Həm endirimli, həm də endirimsiz qiymətləri təqdim edirik:
Qısaqol köynək: əvvəl 12 AZN-dən → 8 AZN
Uzunqol köynək: əvvəl 12 AZN-dən → 10 AZN
Şalvar: əvvəl 20 AZN-dən → 15 AZN
Ətək: əvvəl 20 AZN-dən → 15 AZN
Jaket: əvvəl 30 AZN-dən → 20 AZN
Bütün bu qiymətləri, eləcə də individual olaraq əlavə ləvazimatları və onların qiymətlərini də nəzərə alsaq deyə bilərik ki, bir şagirdin tədris ilinə hazır olması üçün minimum 200-250 AZN tələb olunur.
Bəs bu qiymətlər ən az 2 uşağın mövcud olduğu Azərbaycan ailə modelinin büdcəsinə uyğundurmu?
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Referans-a açıqlamasında bu sualı cavablandırıb.
“Azərbaycanda məktəb ləvazimatlarının, məktəb geyimlərinin qiymətləri ən az 70 faiz əhalinin büdcəsinə uyğun deyil. Tutalım ki, bir ailədən orta hesabla iki uşaq məktəbə gedir. Bu, ailə üçün ağır yükdür. Bu xərci ödəməkdə valideynlər çətinlik çəkirlər. Bir çoxları hətta kredit belə götürür bunun üçün. Buna görə də müəyyən güzəştlər olmalıdır. Məsələn, bu məhsulların istehsalı və satışı ilə məşğul olan müəssisələrə vergi güzəştləri oluna bilər. Bu da onların qiymətləri artırmamasına vəsilə ola bilər. Xaricdən idxal olunan məhsullar bizdə maya dəyərindən dəfələrlə baha satılır. Bu məhsulları gömrük rüsumlarından azad etmək də həll yolu ola bilər. Əgər biz dövlət olaraq ölkədə əsas prioritet sahəni təhsil olaraq götürmüşüksə və dövlət olaraq gələcəyimizi bunun üzərində qurmaq istəyiriksə, elə bir vəziyyət yaratmalıyıq ki, insanlar, xüsusən də aztəminatlı əhali uşaqlarını normal məktəb ləvazimatları ilə təmin edə bilsin”.
Ekspert qeyd edib ki, ölkədə vahid məktəbli geyimi tələb olunduğuna görə bu formaların qiymətləri daha münasib olmalıdır. Əks halda aztəminatı ailələrin bunu təmin etmələri mümkünsüz hal alır.
“Sovet dövründə də ölkədə vahid məktəbli geyimləri mövcud idi. Lakin elə bir qiymətə idi ki, hər kəs əldə edə bilirdi. Hətta imkansız ailələrin uşaqlarına isə ödənişsiz formada bu geyimlər paylanırdı. Bu geyimlərin alınması 400-500 manat əməkhaqqı alan ailələr üçün qeyri-mümkündür. Hələ biz işsiz və mövsümi işlərdə işləyənləri heç sadalamırıq. Dövlətin tələbi ilə belə çıxır ki, bu ailələr həmin geyimləri almaq üçün aylarla borc ödəməli və ya bir ay təmamilə ac qalmalıdırlar. Belə bir tələb qoyulubsa, bu zaman əlçatanlıq da təmin olunmalıdır”.
Elçin Bayramlı düşünür ki, minimum əməkhaqqının 400 manat olduğu ölkədə bir uşağın məktəb alış-verişinin ən az 200-250 manata başa gəlməsi olduqca absurd səslənir.