Almatı “Türk Dünyasının Gənclər Paytaxtı - 2025" statusuna layiq görülüb. Həftəsonu Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Gənclər Festivalının açılışına start verilib. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev təbrik məktubunda tədbirin türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətini qeyd edib.
Musavat.com xəbər verir ki, Kremlin fəal təbliğat nəşrlərindən olan “Nezavisimaya qazeta” TDT-nin son illər inkişafı barədə məqalə dərc edib. Məqalədə əsas vurğu keçmiş sovet respublikalarında “Rus dünyası” tendensiyasının zəifləməsindən və TDT-nin mövqelərinin möhkəmlənməsindən narahatlığa yönəlib. Qəzetin ekspert kimi seçdiyi Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinskinin açıqlamaları da bu narahatlığı təsdiq edir.
Ekspert xüsusilə Türkiyənin TDT-nin dünyadakı mövqelərinin güclənməsində xüsusi rolunu vurğulayıb. “Türk dəyərlərinin, dilinin və mədəniyyətinin fəal şəkildə təbliği, eləcə də Mərkəzi Asiya ölkələrindən olan gənclər üçün təhsil imkanlarının yaradılması türk dünyasının müsbət imicini formalaşdırmağa və onun regionda mövqeyini gücləndirməyə imkan verir”, - Kobrinski deyib. Onun sözlərinə görə, bu baxımdan, postsovet respublikalarında “rus dünyası”nın təbliği ilə bağlı yanaşmaları yenidən nəzərdən keçirmək lazımdır. “Cəmiyyətdə dəyişən geosiyasi reallıqları və əhval-ruhiyyəni nəzərə almaq, düz və qarşıdurma xarakterli bəyanatlardan qaçmaq vacibdir. Bunun əvəzinə hörmət, bərabərlik və milli maraqların nəzərə alınması prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına diqqət yetirmək lazımdır”, - deyə o bildirib. Bu açıqlama Kremlin son illər Azərbaycan və Mərkəzi Asiyanın türkdilli dövlətlərinə münasibətdə qaba siyasətinin, zorla “rus təbliğatı”nın yanlış olmasının etirafıdır. Rusiya, deyəsən, həm etirafda, həm də “Turan birliyinə” qarşı yanlış siyasətdə dönüş etməkdə çox gecikib.
Moskvanın “Turan sancısı” nədən qaynaqlanır?
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Türk Dövlətləri Təşkilatının güclənməsi və yeni bir beynəlxalq siyasi, mədəni, iqtisadi və hərbi güc kimi möhkəmlənməsi dünyada baş verən yeni geosiyasi reallıqlar üzərində qurulur: “Bu gün dünya nizamı bir qütblükdən çox qütblülüyə inkişaf edir. Dünya əvvəlki güclərin təsirindən çıxır və xalqlar özlərinin milli etnokimlikləri ilə yenidən birləşərək baş verən siyasi proseslər və ədalətsizliklərə qarşı mübariz aparmağa məcbur olur. Bu baxımdan TDT-nin institutlaşması, cəmiyyətin müxtəlif təbəqələri arasında inteqrasiyanın dərinləşməsi vacibdir. Almatıda "Türk Dünyası Gənclər Mərkəzi-2025"in qeyd olunması reallıqdır. Bu festival gənclərimiz arasında birliyi möhkəmləndirəcək və Avropadan Mərkəzi Asiyaya qədər böyük bir coğrafiyada eyni soykökə, mədəniyyə, din və dilə mailk ölkələrin bir-birilərinə daha da yaxınlaşmasına töhfə verəcək”.
Deputat dedi ki, Türk Dövlətləri Təşkilatının güclənməsinin aparıcı qüvvələri Azərbaycan və Türkiyədir: “Son vaxtlar Rusiyanın keçmiş sovetlər birliyinə daxil respublikalara qarşı apardığı təzyiq və özünü yuxarı tutma siyasəti onların uzaqlaşmasını sürətləndirib. Bir tərəfdən MDB məkanında "rus dünyası" terminini yaşatmaq üçün rus dilinin qorunub saxlanılması və inkişafından danışan Rusiya, digər tərəfdən, Rusiyada yaşayan Mərkəzi Asiya ölkələrindən və Azərbaycandan olan miqrantlara qarşı savaş açıb. Azərbaycandan və Mərkəzi Asiyadan olan miqrantlar “ikinci sort” adamlar kimi qəbul olunur və heç bir əsas olmadan, hətta etnik rus olmayan vətəndaşlarına qarşı elə özlərinin konstitusiyasını pozaraq çox ədalətsiz davranılır və kütləvi şəkildə deportasiya edilir. Əgər Rusiya keçmiş sovetlərə daxil müsəlman ölkələrindən insanların gəlməsini istəmirsə və onlara qarşı mübarizə aparırsa, onda rus dili MDB-yə daxil olan müsəlman ölkələrin nəyinə lazımdır? Rusiya yaxşı olardı indi rus siyasətini, “rus dünyası”nı Hindistanda, Afrika ölkələrində yaratsın və rusdilli məktəblərin açılmasını, mədəniyyətinin formalaşdırılmasını oralarda başlasın. Çünki Rusiya Hindistan və Afrikadan gələn miqrantlara çoxlu stimullaşdırıcı güzəştlər verir, MDB ölkələrindən olan miqrantları qovur. Cəmiyyətdə dəyişən geosiyasi reallıqları və əhval-ruhiyyəni nəzərə almadan, dövlət səviyyəsində qarşıdurma xarakterli bəyanatların səsləndirilməsi və Rusiyasız hamının ac qalacağı ilə bağlı səsləndirdiklər fikirlər tamamilə yanlışdır və məhz buna görə də Rusiya apardığı yanlış siyasəti ilə qonşu respulikaları özündən uzaqlaşdırır".
A.Badamov vurğuladı ki, bu baxımdan, TDT-nin güclənməsindən," Turan birliyi"nin yaranmasından Rusiyanın indi narahat olmasına ehtiyac yoxdur: ""Nezavisimaya qazeta”da TDT-nin son illər inkişafı barədə dərc olunan məqalədə Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinskinin açıqlamalarında keçmiş sovet respublikalarında “Rus dünyası” tendensiyasının zəifləməsindən və TDT-nin mövqelərinin möhkəmlənməsindən narahatlığı artıq gecdir. “Rus dünyası”nın zəiflənməsinin günahkarı elə Rusiyadır. Bunu kənarda axtarmaq lazım deyil. TDT-nin güclənməsi və eyni etnik kökləri olan xalqların birləşməsi tarixin tələbidir".
Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Rusiya çarizmi hazırda özünün tarixi çöküş dönəmini yaşayır: “Kremlin beyin mərkəzləri də bunun fərqindədir. Onlar Azərbaycanın hələ doxsanıncı illərdən Rusiya ilə məsafəli davrandığının fərqindədir. Amma şimal qonşumuz Türküstan regionundakı türk dövlətlərinin Rusiyadan qopmasını həzm edə bilmir. Narahatlığın üç səbəbi var. Birincisi, Orta Asiyadakı türk xalqları Türkiyəyə və Türk dilinə meyillənir. Bu da o deməkdir ki, oradakı xalqların xarici dil menyusunda rus dilini türk dili əvəzləməyə başlayıb. İkincisi, Türkiyənin Mərkəzi Asiyaya gəlişi və orada möhkəmlənməsi prosesi gedir, Kremlin yanaşmasına görə, bu həm də NATO-nun və Qərb iqtisadiyyatının regiona ayaq açması deməkdir. Üçüncüsü, TDT üçüncü qütb kimi region ölkələrini bir çətir altında toplamağa və daha da güclənməyə başlayır. Bu isə Rusiya imperializmi üçün gələcəkdə böyük təhlükələr vəd edir. Bu baxımdan, Rusiyadakı beyin mərkəzləri postsovet məkanındakı xalqlara "yuxarıdan aşağıya" prinsipini dəyişmək istəyirlər".
“Yeni Müsavat”