Xaricdə ali təhsil alan, lakin təhsilini Azərbaycandakı universitetlərdə davam etdirmək istəsə də, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən imtina alan azərbaycanlı tələbələr yenidən cavab gözləyirlər.
Bizimyol.info xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən kütləvi imtinalar gəldikdən sonra tələbələr apellyasiya müraciəti ediblər. Tələbələrin bildirdiyinə görə, onların apellyasiya müraciətlərinə daha yuxarı instansiya - Elm və Təhsil Nazirliyi tərəfindən baxılır.
“Bizə demişdilər ki, avqustun 13-nə qədər – 5 iş günü ərzində apellyasiya müraciətlərimizə baxılıb, cavab veriləcək. Lakin hələ cavab verilməyib. Görünür ki, müraciətlərin üzərində ciddi iş gedir, bu da vaxt aparır. Çox ümid edirik ki, nazirliyin səlahiyyətli şəxsləri hər bir müraciətə həssas yanaşacaq. Şəffaf baxılacaq. Düzü, biz qorxurduq ki, bu müraciətlərə baxılması da formal olacaq, hamıya kütləvi şəkildə “yox” cavabı gələcək. Agentlik belə eləmişdi. Amma belə görünür ki, nazirlik məsələyə fərqli yanaşır”, - tələbələr Bizimyol.info xəbər portalına belə deyib.
Qeyd edək ki, xaricdə oxuyan, lakin Azərbaycan universitetlərinə köçürülərək, ali təhsillərini öz vətənlərində davam etdirmək istəyən tələbələr Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin imtina cavabını qanunsuz və əsassız hesab edir. Onlar şikayətlənir ki, xarici ölkələrdə yüksək imtahan nəticələri ilə təhsil aldıqları halda, təhsillərini öz vətənlərində davam etdirmək imkanından məhrum olurlar.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, qaydalara əsasən, tələbə təhsil aldığı müddətdə təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamalıdır. Yəni proqram üzrə normal hesab edilən dərslərin ən azı 50 faizini keçə bilməlidir. Bəzi hallarda tələbələr minimal sayda dərs yükü götürüb, təhsillərini çox uzun müddətə bitirirlər. Bu da ali təhsildə tətbiq olunan normativlərə uyğun deyil.
Agentlikdən vurğulanıb ki, qüvvədə olan təhsil standartına əsasən normativ təhsil müddəti 4 il və hər tədris ili üçün 60, hər semester üçün isə 30 kredit olaraq müəyyən edilir:
“Xarici ölkələrdən gələn bütün tələbələr oxuduqları müəssisəyə mərkəzləşdirilmiş imtahanla qəbul olmalıdır. Bu tələblə bağlı bir istisna var, əgər tələbənin oxuduğu müəssisə dünya universitetlərinin reytinqində top 500-də olubsa. Türkiyədə 2023-cü ildən mərkəzləşmiş YÖS imtahanları keçirilir. Həmin ilin sonundan universitetlərin keçirdikləri lokal imtahanlar ləğv edilib. Həm 2024-cü ildə, həm də bu il yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Heç bir ölkənin universitetləri tərəfindən təşkil edilmiş imtahanların nəticələri qəbul edilmir”.