Müəllimlərin nüfuzu ilə bağlı müzakirələr son dövrlərdə daha da intensiv xarakter alıb. Sosial şəbəkələrdə və mətbuat səhifələrində məktəblərlə, müəllimlərlə bağlı yayılan neqativ xəbərlər artıq təkcə fərdi halları deyil, bütöv təhsil sisteminin imicini zədələmək həddinə çatıb. Son olaraq bir bölgə məktəbində müəllimə üzük bağışlanması ətrafında yaranan qalmaqal bir daha göstərdi ki, bu kimi hadisələrə münasibət birmənalı deyil: bəziləri bunu korrupsiya elementi kimi təqdim edərkən, digər kəsim müəllimlərin ictimai linçə məruz qaldığını vurğulayıb.
Milli Məclisin üzvləri – Elm və təhsil komitəsinin deputatları Ceyhun Məmmədov və Elçin Mirzəbəyli də məsələyə münasibət bildirərək, problemin yalnız müəllimlərlə məhdudlaşmadığını, sistematik və hüquqi boşluqların, o cümlədən reket jurnalistikanın bu prosesə ciddi təsir etdiyini qeyd ediblər. Onların fikrincə, mediada müəllimlərin davamlı olaraq hədəf seçilməsi yalnız fərdi səhvləri qabartmaq deyil, eyni zamanda pedaqoji peşənin nüfuzuna və gələcək nəsillərin təlim-tərbiyəsinə mənfi təsir göstərir.
Cəmiyyətdə müəllimə həddindən artıq yüklənildiyini vurğulayan Ceyhun Məmmədov qeyd edib ki, mətbuat müəllimin nüfuzunu qorumalıdır: “Bir müəllim obrazı ilə bağlı bu cür müzakirələr bir sıra hallarda mənfi nəticələrə aparıb çıxarır”.
Elçin Mirzəbəyli isə deyib ki, təhsil sahəsindəki problemlər həm də müxtəlif məktəblərin özündən qaynaqlanır. Millət vəkilinin sözlərinə görə, rayonların birində baş verən son hadisə ilə bağlı videonu media nümayəndələri yox, prosesin içində iştirak edən şəxslər çəkiblər, paylaşıblar: “Bu məsələyə görə onlar hüquqi məsuliyyət daşıyırlar. Eyni zamanda rüşvət formasında müəllimə üzük hədiyyə edən insan da məsuliyyət daşıyır. Bu məsələnin hüquqi cəhətdən həlli istiqamətində hansısa addımların atılmasına səy göstərmişikmi? Mediada yalnız mövcud olan hadisənin üzə çıxması yer alıb. Lakin məsələnin hüquqi tərəfləri var. Media neqativ hallara yol verirsə, normativ hüquqi aktlara uyğun olaraq onun fəaliyyəti tənzimlənməlidir və bu problemlərin ortaya çıxması üçün zəmin yaradılmamalıdır. Bu boşluqlar ola-ola xüsusilə regionlarda olan məktəblər bizim daim zamanında mübarizə apardığımız reket jurnalistika ilə çox yaxından əməkdaşlıq edir. Reket jurnalistikanı yemləyən yerlərdəki, regionlardakı həmin şəxslər, məktəb direktorları, təhsil müəssisələrinin rəhbərləridir”.
Mövzuya münasibət bildirən siyasi şərhçi Azər Həsrət də Sherg.az-a açıqlamasında son illər sosial media platformalarında və bəzi kütləvi informasiya vasitələrində məktəblərlə, müəllimlərlə bağlı yayılan məlumatların sayı kəskin şəkildə artmasından şikayətlənib:
“Təəssüf doğuran məqam isə odur ki, bu məlumatların əksəriyyəti ilkin araşdırma aparılmadan, hadisənin bütün tərəfləri dinlənilmədən və ya mötəbər mənbələrə istinad olunmadan ictimaiyyətə təqdim olunur. Bunun nəticəsində müəllimlərin cəmiyyətdəki nüfuzu ciddi şəkildə zədələnir, təhsil ocaqları haqsız yerə ləkələnir və bütövlükdə təhsil sisteminə olan ictimai inam sarsılır. Məktəb və müəllimlərlə bağlı yerli-yersiz paylaşımlar artıq narahatedici həddə çatıb.
Əlbəttə, cəmiyyətin məlumat alma haqqı var. Lakin bu hüquq peşə etikası, obyektivlik və balans prinsipləri çərçivəsində təmin olunmalıdır. Media nümayəndələri sensasiya xatirinə, klik sayı və reytinq uğrunda müəllimləri linç etməməli, hadisələrin arxasında dayanan səbəbləri araşdırmadan qərəzli informasiyalar yaymamalıdır. Bu cür yanaşma təkcə fərdi müəllimləri deyil, ümumilikdə müəllimlik peşəsini, onun nüfuzunu sual altına salır. Unutmaq olmaz ki, müəllim nüfuzunun zədələnməsi cəmiyyətin gələcək nəsillərinə, yəni uşaqlarımıza birbaşa təsir edir.
Bu kimi halların qarşısının alınması ilə bağlı dəfələrlə çağırışlarım olub ki, məktəblər, müəllimlər, şagirdlərlə bağlı informasiyalara həssas yanaşmaq, araşdırmadan tirajlamaq düzgün deyil. Çox təəssüflər ki, sensasiya axtarışında olan media orqanları bu çağırışları qulaqardına vururlar”.
A.Həsrətin sözlərinə görə, bu prosesdə dövlətin təhsil siyasətinə rəhbərlik edən qurumların da məsuliyyəti az deyil:
“Əgər hansısa müəllimə inzibati cəza tətbiq olunubsa, bu məsələnin dərhal mediaya sızdırılması və ya rəsmi şəkildə ictimailəşdirilməsi hansı məqsədə xidmət edir? Daxili inzibati tədbirlərin mediaya ötürülməsi nəticəsində həmin müəllim haqqında cəmiyyətdə mənfi rəy formalaşır. Halbuki, bu cür məsələlər qapalı şəkildə, peşəkar prosedurlarla, müəllimin hüquqları qorunmaqla aparılmalı, nəticəsi yalnız zəruri hallarda ictimaiyyətlə paylaşılmalıdır. Bu baxımdan hesab edirəm ki, təhsil sahəsindəki problemlər məktəblərdən yox, məhz təhsil qurumlarında çalışan insanların qeyri-peşəkarlığından qaynaqlanır.
Bu qurumlarda çalışan insanların əksəriyyəti 1 saat belə olsun dərs deməmiş, sinif otağına girməmiş adamlardır. Təhsil sahəsindəki ciddi struktur problemlərdən ən böyüyü də məhz idarəçi və rəhbər vəzifələrdə olan şəxslərin əksəriyyətinin pedaqoji təcrübəyə malik olmamasıdır. Bir çox hallarda sinif otağına heç vaxt daxil olmayan, müəllim peşəsinin mahiyyətindən uzaq olan şəxslər məktəblərə, müəllim kollektivlərinə rəhbərlik edir, onlara göstəriş verir. Belə bir vəziyyətdə real problemlərin düzgün təhlili, effektiv qərarların verilməsi və təhsildə keyfiyyətin yüksəldilməsi mümkün deyil”.
Təhsil sahəsinin idarə olunmasında yalnız nəzəri biliklər yetərli deyil – burada praktik təcrübə, sinif mühiti ilə təmas, pedaqoji instinkt və insani yanaşma əsas amillərdir. Müəllimin nüfuzunu qorumaq hər bir vətəndaşın borcudur. Təhsil qurumlarında çalışan vəzifəli şəxslərin isə birbaşa vəzifəsidir. Biz isə əksini görürük: vətəndaşlar da, təhsilə məsul qurumların vəzifəli işçiləri də müəllimlərin üzərinə yüklənirlər. Cəmiyyət olaraq anlamalıyıq ki, müəllimin nüfuzu zəiflədikcə, uşaqların gözündə nümunəvi fiqurlar da dəyərsizləşir. Əgər müəllim hörmət görmürsə, onun sözünə etibar edilmir, nüfuzu sosial mediada lağ obyektinə çevrilirsə, bu vəziyyət gələcək nəsillərdə təhsilə və öyrənməyə münasibəti mənfi şəkildə formalaşdıracaq. Bu səbəbdən, həm media nümayəndələrini, həm təhsil idarəçilərini, həm də valideynləri və digər vətəndaşları bu məsələyə daha həssas yanaşmağa çağırmaq vacibdir. Müəllimlərin nüfuzunun qorunması yalnız bir peşənin müdafiəsi deyil – bu, cəmiyyətin gələcəyinə, onun mədəni və intellektual inkişafına edilən ən vacib sərmayələrdən biridir”.