![Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739597238_0001.jpg)
Ermənistan parlamentinin spikeri, özünü əslən qarabağlı sayan Alen Simonyan bəlkə də özü də bilmədən maraqlı bir etiraf edib. Qarabağdan olduğu iddia edilən jurnalistlə mübahisə zamanı o, torpaqlarımızın uzun illər məhz Ermənistan tərəfindən işğal altında saxlandığını və Azərbaycanın Qarabağda heç bir etnik təmizləmə aparmadığını, ermənilərin ərazini öz xoşu ilə tərk etdiyini faktiki boynuna alıb. İndi bir var, bunu bizim rəsmilər söyləyə, bir də var, erməni yetkililərin ağzından çıxa.
Təsadüfi deyil ki, enməni radikal-revanşistlər dərhal Simonyanın üstünə düşüb, onu xain, satqın adlandırıblar. Halbuki Simonyanın özü “miatsum” virusundan tam qurtulmuş biri sayılmaz. Sitat belədir: “Siz Ermənistanın orda (işğal altındakı Qarabağda - red.) saxladığı silahlarla və siyasi dəstəyimizlə öz yerinizdə qala, sona qədər döyüşüb mübarizə apara bilərdiniz. Amma çıxıb getdiniz. Mübarizə aparmaq lazım idi. Necə ki, Ermənistan mübarizə apardı, döyüşdü”.
Görəsən Ermənistan öz ordusu ilə Azərbaycana qarşı niyə döyüşürmüş? Məgər ordumuz o vaxt qonşu ölkənin hansısa hissəsini zəbt eləmişdi? Qətiyyən. Bəs İrəvan suveren ərazimizdə, Qarabağda niyə silah-sursat, hərbi texnika, ümumiyyətlə, hərbi qüvvə saxlamalı idi? Nə üçün onun vətəndaşları “Laçın yolu”ndan qanunsuz keçməklə başqa dövlətin ərazisində - Qarabağda hərbi xidmətə göndərilməli idilər?! Qarabağdakı xunta rejimi niyə Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşirdi? Nəzərə alsaq ki, Alen Simonyan sıradan biri deyil, Ermənistanın 3-cü rəsmi şəxsidir, o zaman Azərbaycan beynəlxalq məhkəmədə erməni spikerin bu açıqlamasından hüquqi fakt-dəlil kimi istifadə edə bilərmi? Deyək ki, sabiq prezident Levon Ter-Petrosyanın məlum qalmaqallı videosu kimi.
Yeri gəlmişkən, fevralın 12-də Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya (“Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Sənəddə Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb. Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir. Hazırkı situasiyada erməni spikerin bəyanatlarının əsl mahiyyəti nədən ibarətdir? Simonyan hansı mesajları verir?
“O həmin Simonyandır ki, işğal dövründə Ağdama səfər edib şəkil çəkdirmişdi. Bu günlərdə isə səhv etdiyini boynuna aldı. İndisə bu açıqlamalardan görünür ki, Ermənistan rəhbərliyi baş verənlərin bütün məsuliyyətini Qarabağda mövcud olmuş mifik hökumətin üzərinə qoymaq istəyir. Amma bu hiyləyə kimsə aldanmaz və ərazilərimizin 30 il işğal altında saxlanması Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətidir”, - Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında erməni spikerin çıxışını belə şərh etdi. Onun sözlərinə görə, İrəvan rəsmilərinin etiraflarından asılı olmayaraq, onsuz da Azərbaycan beynəlxalq müstəvidə işğal dövründə vurulmuş ziyanın təzminatının ödənilməsini tələb edir: “Parlamentin sədrinin ifadəsi isə məhkəmə proseslərində əlimizi gücləndirən arqumentlər ola bilər. Eyni zamanda, təkcə Azərbaycan dövlətinin vəsatətlər qaldırması ilə bu proses məhdudlaşmamalıdır, əmlakı tar-mar edilmiş keçmiş məcburi köçkünlər fərdi qaydada Avropa Məhkəməsinə müraciət göndərə, Ermənistandan kompensasiya tələb edə bilər”.
Hüquq müdafiəçisi qeyd etdi ki, spikerin Qarabağdan könüllü gedən ermənilərin qovulmadığını etiraf etməsi də ayrıca bənddir: “Azərbaycan əleyhinə qətnamələr çıxaranlar, xüsusən də Avropa Parlamenti, o cümlədən konqresmenlər, Fransa Senatı və bir sıra beynəlxalq təşkilatlar indi erməni spikerin çıxışına diqqət yetirsinlər. Sadəcə, bir daha təkrarlamalı oluram ki, Simonyanın hiyləgərliyi məsuliyyəti Qarabağ ermənilərinin üzərinə qoymaq cəhdidir. Demək istəyir ki, guya mübarizə aparmayıblar və Ermənistana gəliblər. Bununla əslində, Ermənistan dövlətini ifşa edib. Simonyan təsdiqləyir ki, əgər ermənilər vuruşsaydılar, Ermənistan Silahlı Qüvvələri dəstəyi davam etdirəcəkdi. Bu da işğalçı ölkənin rəsmi şəxsinin etirafıdır, bir daha Ermənistanın başqasının torpağına göz dikdiyini ortaya qoymuş olub”.
Ç.Qənizadə bildirdi ki, Paşinyanın və onun komandasının Qarabağın Azərbaycana aid olduğunu indi təsdiqləməsi müharibənin nəticələrindən irəli gəlir: “Biz gəlin unutmayaq ki, həmin Paşinyan danışıqları sıfırlayan bir mövqedən çıxış etmiş və keçmiş rəhbərlərdən fərqli olaraq, ilk dəfə Qarabağın Ermənistana aid olduğunu demiş bir siyasətçidir. Bununla da prosesi elə yerə sürüklədi ki, Azərbaycan güc yoluna əl atmalı oldu. O Paşinyandır ki, qondarma parlamenti Şuşaya köçürmək istəyirdi. Elə Simonyan da Ağdamdakı şəklini sosial mediada yayırdı. Yəni bu qüvvələrin Qarabağı qaytarmaq niyyəti olmayıb. 2020-ci ildə ”Dəmir yumruq" onları indi belə danışmağa vadar edir".
Həmsöhbətimiz sonda vurğuladı ki, bütün hallarda, Azərbaycan Ermənistanın bizə vurduğu maddi-mənəvi zərərin ödənilməsi ilə bağlı beynəlxalq məhkəmələrdə öz mübarizəsini davam etdirməlidir: “Biz İrəvanla sülh danışıqları apara bilərik, ancaq o demək deyil ki, işğalçıların vurduğu ziyanın ödənilməsi tələbindən geri çəkilməliyik. Paşinyan son çıxışlarında deyib ki, Bakı ilə razılaşdırılmayan bəndin biri də beynəlxalq məhkəmələrdə iddialardan imtina edilməsi təklifidir. Azərbaycan bunu qəbul etmir. Çünki 150 milyardlıq zərərdən söhbət gedir. Paşinyan isə növbəti dəfə hiylə işlədərək istəyir ki, bizə vurulmuş zərəri unudaq, irəliyə baxaq. Əsla, keçmişdən nəticə çıxarmadan irəli baxmaq mümkün deyil. Ona görə də hər nə qədər beynəlxalq məhkəmələrin ədalətli olacağına şübhə etsək də, mübarizəmizi aparmalıyıq”.
“Yeni Müsavat”