![Bizə bəlli olan faktlar ABŞ-də indi açıqlanır Bizə bəlli olan faktlar ABŞ-də indi açıqlanır](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739587328_mvwmtep8jl50zmbjdeii.jpg)
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAİD) inkişaf və humanitar yardım layihələrini həyata keçirən orqan kimi tanınsa da, tədricən media və vətəndaş cəmiyyətinin nümayəndələrinin maliyyələşdirilməsi yolu ilə fərqli cəmiyyətlərdə radikal qruplaşmaların maliyyələşdirilməsi, dövlət idarəçiliyinə qarşı qərəzli məlumatların paylaşılmasını birbaşa təşviq edən mərkəzə çevrilib. USAİD-in terrorçuluğu maliyyələşdirməsi yönündə fəaliyyətini təsdiq edən faktlar aşkarlanmaqdadır. Məsələn, Livanda “Hizbullah”ın silah anbarında üzərində USAİD loqoları olan qutuların aşkarlanması, “Əl-Qaidə” terror təşkilatının lideri Ənvər əl-Avlakinin Koloradodakı kollecdə oxuması üçün USAİD-in “tam maliyyə vəsaiti” ayırması faktı bunu deməyə əsas verir ki, USAİD humanitar yardım təşəbbüsləri deyil, məhz bəşəriyyətə təhlükə yaradan terrorçulara yardımla məşğuldur. ABŞ Prezidenti Donald Tramp USAİD-i radikal çılğınların idarə etdiyini deyib. Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask USAİD-in seçkilərə təsir göstərməkdə çox fəal iştirak etdiyini bildirib. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Gilliqan “USAİD-ə yuxarıdan aşağıya kimi, xaricdə könüllü kimi fəaliyyətdən dinə qədər bütün fəaliyyət istiqamətlərində MKİ agentləri yerləşdirilib” deyə etiraf etmişdi. ABŞ səhiyyə naziri postuna namizədliyini irəli sürən oğul Robert Kennedi USAİD-in Maydan iğtişaşlarının maliyyələşdirilməsinə 5 milyard dollar ayırdığını bildirib. Bu təşkilat inkişafa dəstək adı altında bir sıra ölkələrdə sabitliyi pozmaqla məşğul olub. USAİD-in əsl mahiyyəti çox dəqiqliklə ifşa olunur. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində, onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib. Bayden administrasiyası dövründə isə bu təşkilatın fəaliyyəti daha da genişlənmişdi. USAİD artıq müxtəlif dövlətlərə qarşı aksiyaları, qanunazidd əməlləri törədirdi. USAİD bəzi terror təşkilatlarının sponsoru da olub. Azərbaycanın nüfuzlu tədbirlərə, konfranslara ev sahibliyi etdiyi zaman beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyaların da arxasında USAİD dayanıb. COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAİD olub. USAİD Azərbaycan dövləti əleyhinə çoxlu layihələrə əl atıb ki, tədbirlərimiz uğurla yekunlaşmasın, fiaskoya uğrasın. Səbəb isə bəllidir - Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi müstəqil siyasət həyata keçirib. USAİD kimi qızışdırıcı təşkilatların diktəsi ilə fəaliyyət göstərməyib. Bu səbəbdən biz də USAİD-nin hədəfində olmuşuq. Artıq USAİD-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov "Sherg.az"a deyib ki, USAİD-in əsas marağı, mahiyyəti dövlətlərin daxili işlərinə qarışmaq, hücrələr yaratmaqla hakimiyyət əleyhinə üsyanlar, mitinqlər formalaşdırmaq, rəngli inqilab laboratoriyalarını hərəkətə gətirməkdən ibarətdir:
"Terror təşkilatlarına yardımın göstərilməsi, onlara humanitar dəstək verilməsi, transgenderlər məsələlərinə diqqətin ayrılması və bu kimi çirkin əməllər qeyri-əxlaqi təzahürlər özünü göstərməkdədir. Laçın yolunda ekoloqların keçirdiyi aksiyadan tutmuş Qarabağı ermənilərin könüllü tərk etməsini "etnik təmizləmə" kimi qiymətləndirilməsinədək çirkin fəaliyyət izlənilirdi. Samanta Pauerin birbaşa terroru dəstəkləyən, maliyyələşdirən Ruben Vardanyanla əlaqələri həm də USAİD-in ölkəmiz, ərazi bütövlüyümüz əleyhinə fəaliyyətinin də bir səhifəsini özündə əks etdirir".
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli də bildirib ki, USAİD barəsində yeni faktlar üzə çıxmaqdadır. Ekspertin sözlərinə görə, əslində, bizə bəlli olan faktlar indi ABŞ-də açıqlanır və təsdiqlənir:
"Yanvar ayında fəaliyyəti durdu, fevralın 3-də bir qrup materiallar açıldı və qeyd olundu ki, əlavə materiallar açıqlanacaq. USAİD 700-ədək media subyektini maliyyələşdirir. Həmin media qurumları fərqli ölkələrdə fəaliyyət göstərir. Dünyada 200-ə yaxın ölkə var. Orta hesabla hər ölkədə 3-4 aparacı media qurumunu, 1-2 jurnalist təşkilatını ələ alırlar. Söhbət 6 mindən yuxarı jurnalistdən gedir. Deməli, orta hesabla hər ölkəyə 20-30 jurnalist düşür. Yəni bir şəbəkə formalaşdırırlar. Yeri gələndə ayrı-ayrı ölkələrdə olan bu şəbəkəni vahid hərəkat ətrafında birləşdirə bilirlər. 2012-ci il Azərbaycan "Avroviziya" mahnı müsabiqəsi keçiriləndə Azərbaycan üzrə "Beynəlxalq Əməkdaşlıq Qrupu"deyilən bir platforma yaratdılar. Həmin platformanın işi beynəlxalq və yerli şəbəkəni mahnı müsabiqəsi üzərində fokuslaşdırmaq və Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyası həyata keçirmək idi. Yerli komponentlər qrant verməklə ələ alınıblar. İlk növbədə faktiki casusluq əməliyyatı icra edirlər. Jurnalist adı ilə cəmiyyətin bütün zümrələrinə daxil olmaq imkanları var. Yeri gələndə həmin zümrələri hərəkətə keçirmək üçün addımlar atırlar. Eyni zamanda neqativ faktları toplayıb, yoxdursa, uydurub mərkəzə ötürürlər. Mərkəz də lazım olanda həmin faktları birləşdirib hansısa ölkəyə qarşı geniş kampaniya aparır".