![Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur!](https://diaaz.space/uploads/posts/2025-02/1738990393_0001.jpg)
Yenə başlanıb kütlənin BÜTQAYIRMA və LİNÇ ETMƏ xəstəliyi. Yenə qafiyə şaqqıldatmağı iş bilən kütlənin Poetik damarı tutub. Yaxşı ki, Əlisa Nicat çıxıb bir kəlmə söz dedi, aynan-ilnən dədəsini yada salmayanlar sıraya düzülüb başladılar bir ağsaqqalı linç edib, digərinin daşlaşdırılmış obrazına sığal çəkməyə. Yazıçı Anar çıxdı ləyaqətdən dəm vurdu. Sabir Rüstəmxanlı alovlu müsahibə verdi. Biri 5-ci sinif şagirdi səviyyəsində "Azərbaycan" şeirini yazdı paylaşdı, biri Səməd Vurğunla bağlı 70 ildir söylənən və ağızdan qulağa dolma xatirələri təkrarlamağa başladı. Ziyalının biri çıxdı yazıçının həmin müsahibəsindəki başqa bir fikrini mövzuya çevirib başladı kütlənin küyünə getməyə. Paradoks budur ki, Səmədsevərlərin 95%-inə deyəsən dur şairin 5 dənə vətənpərvərlik dolu şeir nümunəsini səsləndir, hıqqanıb duracaqlar. Bildikləri bir "Azərbaycan" şeiri olacaq, o da yarı-yarımçıq, məktəb vaxtı evindəkilər təpəsinə döyə-döyə öyrədiblər. Pafos, üfürmə və şişirtmə də xirtdəkdən. İş ki bilərəkdən gəlib bu həddə çatır, artıq sandığı açıb pambığı tökmək lazım gəlir ki, həyasızlıq edən bəzi cahillərin və fürsətcillərin ağzının payı verilə.
Səməd Vurğun XX əsr Azərbaycan sovet poeziyasının seçilən bir nümayəndəsidir, dövrün tələbinə uyğun yazıb-yaradıb. Şeiriyyatı sadə dildədir, asan anlaşılandır, rəvan və axıcıdır. Bunu inkar edən də yoxdur zatən. Azərbaycan ədəbiyyat tarixində onun adı həmişə qalacaq. Ancaq kimin xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, acı gerçəklik var - onun ərsəyə gətirdiyi ədəbiyyatın böyük hissəsi kommunist ideologiyasının diktəsi ilə yazıldığına görə çağdaş dövrümüzə uyğun deyil. İstər "Rəhbərə Salam" olsun, istər "26-lar", istər "Zamanın bayraqdarı", istər "Zəncinin arzuları", istərsə də "Komsomol poeması". Konkret - apar tulla! Bu sırada Səməd Vurğunun yalnız bir neçə vətəni tərənnüm edən şeirini layiqincə qiymətləndirmək lazımdır, o da zatən orta məktəblərdə az qala bir əsrdir ki tədris olunur. Səməd Vurğun yaradıcılığı müstəqil Azərbaycanda ən yaxşı halda yalnız bu şeirlər kontekstində qiymətləndirilə bilər, bundan artığı rusun köləliyini təbliğ etməkdir, ayrı adı da yoxdur.
Qaldı bəhbəhlə hər addımda sitat gətirilən "Vaqif" əsərinə, bu əsər Azərbaycan oxucusunun şüuraltına "ayağı çarıqlı bir çoban ölkəsi" obrazı təlqin edib, Vaqif kimi yadlara buyruq qulu olmağın normal olduğu fikrini aşılayır. Vətən tarixi bu əsərdə kökündən təhrif edilib. Azərbaycan torpaqlarını birləşdirmək yolunda canından keçən Ağaməhəmməd şah Qacar işğalçı, işğalçı ruslar xeyirxah və mütərəqqi, vətəni onlara satmış Vaqif isə vətənpərvər kimi təqdim edilib. Daha bir gerçək - şairin ana nənəsi Aişə xanım elə həmin Vaqifin nəslindəndir. Konkret olaraq, əsərdə ağa qara, qaraya isə ağ deyilib. Bu gün tarixindən və ədəbiyyatından bixəbər kütlənin linç etməyə çalışdığı 89 yaşlı Əlisa Nicatın "Qızılbaşlar", "Şah İsmayıl", "Mirzə Şəfi Vazeh" əsərləri isə yetişən nəslə böyüklüyümüzü, böyük miqyaslı düşünməyi, böyük xalqın böyük dövlətinin olmalı olduğu düşüncəsini təlqin edir. Bu əsərləri oxuyan heç kim vətənini "ayağı çarıqlı kiçik bir ölkə" kimi görməz. İndi ağlı başında olan hər kəs bir daha düşünsün - yetişən nəslə hansı daha faydalıdır və hansını təbliğ edək?
Çox ədəbiyyat zamanın makulaturasına çevrilib. Kolxoza, komsomola, partiyaya, keçici qırmızı bayrağa, Stalinə, qarğıdalıya, pambığa, kosmosa buraxılmış Layka itinə yazılmış qalaq-qalaq kitablar ölkənin makulatura sənayesinə "xeyir verməkdədir". Kimin yazmağından asılı olmayaraq. Bir az kobud da çıxsa, bunu müstəqil Azərbaycanda qəbul etmək istəməyən getsin başını psixiatra göstərsin.
Bütləşdirmə mərəzindən qurtulmaq gərəkdir. Sovet vaxtı bütləşdirilənlərin bir çox qohum-əqrəbası o Bütün kölgəsində karyera qurmağa, imtiyaz əldə etməyə, işini aşırtmağa həmişə həvəsli olub, insafən bu işdə uğur qazananları da az deyil. Onların bu günkü hay-küyü də anlaşılandır. Nə olur-olsun, müstəqil Azərbaycan cəmiyyəti onların kölgəsinə sığındığı kəslərə obyektiv baxış bucağı qoymamalıdır, daim onların istəyinə görə mövqe bildirməli, mədh etməli, bütünün başına sığal çəkməlidir. Mən də çəkinmədən deyirəm - ay özünüz öləsiz! Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur. Və özünüzü yırtmaqla da deyil, yetişən nəsil nəyi tarixin zibilqabına atacaqsa və nəyi dəyər qismində saxlayacaqsa, zaman göstərəcək. Ama köləlik psixologiyası aşılayan hər şey gec-tez bu ölkədə silinib yox olacaq. Bu bayraq bu torpaqda 70 il sonra təkrar elə-belə dikəldilməyib. Bu millət də bir daha heç vaxt yadlara kölə olmayacaq.
Ceyhun Bayramlı - tarixçi
"DİA-AZ"