Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı il seçkilərinə qədər hakimiyyətdə qalmaq üçün yeni strategiya hazırlayır. Xarici oyunçular – Avropa, Rusiya və Türkiyə arasında əldə edilən razılaşmaya görə, Paşinyanın mövqeyi bu müddət ərzində sarsılmayacaq, müxalifətə dəstək göstərilməyəcək. Bu siyasi sabitlik fonunda Paşinyan sülh sazişi imzalamaq və Ermənistan cəmiyyətinə müharibə yox, sülh gətirdiyini nümayiş etdirmək niyyətindədir.
Bu plan çərçivəsində Ermənistanın müəyyən ərazilərinin Azərbaycana qaytarılacağı iddiaları ortaya çıxıb. Artıq Vardenis (Basarkeçər) ərazisində əhalinin siyahıya alınmasına başlanıldığı bildirilir ki, bu da həmin ərazilərin boşaldılmasına hazırlıq kimi şərh edilir. Tiqranaşen (Kərki) kəndinin təhvil verilməyə hazır olduğu, Zəngəzur dəhlizi ilə bağlı isə razılaşmaların yekunlaşdığı vurğulanır. Hazırda əsas müzakirə mövzusu dəhlizdə hansı qüvvələrin yerləşdiriləcəyi ilə bağlıdır. Bu hadisələr Ermənistanın siyasi gələcəyini və regionun geosiyasi mənzərəsini dəyişdirə bilər.
Məsələ ilə bağlı Politoloq Elçin Xalidbəyli Ajans.az-a açıqlamasında bildirib ki, hazırda bu prosesin konkret olaraq hansı istiqamətə yönələcəyi məlum deyil:
"İki tərəf arasında mövcud olan anklav kəndlər ciddi müzakirə mövzusudur. Bu məsələnin hansı formada həll ediləcəyi, yəni ərazilərin dəyişdirilməsi və ya anklavlarda yerləşmə vasitəsilə razılığın əldə olunması hələ dəqiq deyil. Həm rəsmi Bakı, həm də rəsmi İrəvan bu məsələnin həlli üçün ortaq bir çıxış yolu tapmalıdır".
Ermənistanın isə bu mövzular üzərindən hay-küy salmağa meyilli olduğunu vurğulayan politoloq, erməni siyasi-ideoloji düşüncə tərzinin qonşu dövlətlərin əraziləri üzərindən özləri üçün problemlər yaratmağa və qarşı tərəfə təzyiq göstərməyə əsaslandığını qeyd edir:
"Bu tendensiya Paşinyanın tənqid olunması və xəyanətdə ittiham edilməsi üçün də geniş istifadə olunur. Ermənistanda seçkilərin yaxınlaşması bu mövzuları daha da alovlandırır. Hətta bəzi məlumatlara görə, növbədənkənar parlament seçkiləri də mümkündür. Bu səbəbdən seçkilərə qədər Ermənistan daxilində səs-küylü məsələlər, xüsusilə də Paşinyan hakimiyyətinin hədəfə alınması gündəmdə olacaq".
Xalidbəyli əlavə edib ki, Paşinyanın sülh sazişinə meyllidir, buna görə də Ermənistan daxilində müəyyən dairələr, xüsusilə erməni kilsəsi üçün narahatlıq yaranıb:
"Çünki Paşinyan hakimiyyəti altında kilsə üçün vergi öhdəlikləri və digər maliyyə tələbləri ciddi problemlər yarada bilər. Azərbaycanın nəzarətinə qaytarıla biləcək kəndlərlə bağlı isə hələlik dəqiq məlumat yoxdur. Bununla belə, Kərki, Mehri və digər anklav kəndlərin Azərbaycana qaytarılması məsələsi müzakirə olunur. Bu mövzuların seçki ərəfəsində Ermənistanda müzakirə və manipulyasiya vasitəsi kimi istifadə ediləcəyi ehtimal olunur".