Gürcüstan parlament seçkilərindən 2 aya yaxın vaxt keçsə də, Qərb seçki ilə bağlı yekun qərarını verməyib. Maraqlıdır ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze müvafiq açıqlamanı verdikdən sonra ATƏT seçki ilə bağlı heç də birmənalı olmayan rəyini bildirdi.
Gürcüstan ətrafında baş verənlər necə qiymətləndirilə bilər? Bu, oyundur, yoxsa İvanişvili Tramp prezident vəzifəsinə başlayana kimi vaxt udur? Gürcü Arsuzu Partiyası geri çəkildi, ya Qərb?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Gürcüstanda baş verənlər çox da təəccüblü deyil:
“Belə hadisələr postsovet məkanında və Şərqi Avropa ölkələrinin bir çoxunda zaman-zaman baş verib. Belə ki, 1990-2000-ci illərin əvvəllərində Azərbaycanda da buna bənzər hadisələr olmuşdu. Kollektiv Qərb bu ölkələrdən istədiyini almaq üçün seçki proseslərindən istifadə etməklə hökumətlərə təzyiqlər edir, müəyyən güzəştlər əldə etməyə çalışırdı. Gürcüstanda da buna oxşar situasiyadır. Kollektiv Qərb Gürcüstanın müstəqil siyasətindən məmnun olmadığı üçün müxtəlif təzyiqlər edir. Bu təzyiq rıçaqları üçün əsasən Qərbdən maliyyələşən QHT, o cümlədən siyasi qüvvələrə istinad olunur. Parlament seçkilərindən keçən iki ay ərzində müxalifət və onun başında duran Gürcüstan prezidenti çox cəhdlər etdilər ki, hökumət geri çəkilsin və yeni seçkilər keçirilsin. Lakin Gürcüstan hökuməti buna getmədi”.
Politoloqun sözlərinə görə, Qərblə Gürcüstan arasında müəyyən razılıq var:
“Gürcüstan hökuməti “Xarici təsirlərin şəffaflığı” haqqında qanunda müəyyən düzəlişlər etməklə bağlı açıqlama verib. Qərb isə buna müvafiq olaraq müəyyən geriçəkilmələrə gedir. Qərb artıq Gürcüstan hökumətinin mövqeyində qərarlı olduğunu görür. Ölkə daxilində etirazlara baxmayaraq kifayət qədər də dəstəyi var. Güc strukturları da hökumətin tərəfindədir. Bu səbəbdən Qərb də gürcü hökuməti ilə müəyyən anlaşmalara gedə bilər. Yeni prezidentin andiçmə mərasimindən sonra proseslər daha da səngiyəcək. Müxalifət aksiyalarında da azalan tendensiyanın şahidi oluruq. Bu da Gürcüstan hökumətinə stimul verir.
ATƏT-in açıqlanan hesabatı ilkindən ciddi şəkildə fərqlənmir. Belə ki, orada Gürcüstanda seçkilərin keçirilməsi üçün azad rəqabət mühitinin mövcud olduğu, təbliğat aparmağa hansısa maneənin olmadığı qeyd olunub, müəyyən nöqsanların mövcudluğundan bəhs edilib. Son hesabatda isə gürcü hökumətinə həmin nöqsanların aradan qaldırılması tövsiyə olunub. Bu da Qərbin mövqeyində müəyyən yumşalmaların olmasından xəbər verir”.