“Bölgələrimizdə olan məktəblərin əksəriyyətində istilk sistemi yüksək səviyyədə qurulub. Biz bölgələrmizə səfərimiz zamanı bunun şahidi oluruq”.
Bunu TNS-ə regionlarda olan məktəblərin istiliklə təchizi məsələsi ilə bağlı danışan deputat Ceyhun Məmmədov bildirib.
O, məktəblərdə olan problemlərə hamının həssas və diqqətli yanaşmasının vacib olduğunu vurğulayıb: “Bu gün Azərbaycanda məktəblərin təmiri, yeni məktəblərin inşası dövlətin prioritet yanaşdığı məsələlərdən biridir. Son illər yüzlərlə məktəb, uşaq bağçası həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən yenidən inşa olunur, bəziləri bərpa edilir.
Rəsmi məlumata görə, bir neçə il əvvəl təxminən 800 təmirsiz məktəb var idisə, indi onların sayı 400 ətrafındadır. Eyni zamanda, məktəblərdə istilik sisteminin düzgün qurulması, bu istiqamətində addımların atılması üçün dövlət tərəfindən davamlı olaraq işlər görülür. Dövlətin yanaşması ondan ibarətdir ki, mərhələli şəkildə bütün məktəblərdə təmir-bərpa həyata keçiriləcək, istilik sisteminin müasir formada qurulacaq. Sadəcə, bu işlərin həyata keçirilməsi üçün zamana ehtiyac var. Söhbət ümumilikdə 4400 məktəbdən gedir. Ona görə də bu məsələlərdə məktəblərin özlərinin də üzərinə məsuliyyət düşür. Müvafiq qurumlar, məktəb direktorları, müəllimlər də bu məsələlərdə daha diqqətli olmalıdırlar ki, prosesin sürətli formada həyata keçirilməsinə nail ola bilək”.