Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçirilən G20 zirvəsi çərçivəsində Fransa Prezidenti Emanuel Makronla görüşüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan görüşdə Türkiyə ilə Fransa arasında əlaqələrin inkişafı istiqamətində qarşılıqlı addımların vacibliyini vurğulayıb. Prezidentlər Qəzzadakı son vəziyyəti də müzakirə edib.
Qəzzada atəşkəsin qorunmasının və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğan daimi sülhün düsturunun iki dövlətli həll çərçivəsində mümkün olduğunu və Türkiyənin buna nail olmaq üçün səy göstərdiyini bildirib.
Türkiyə lideri Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülhlə sona çatması üçün bütün diplomatik imkanlardan istifadə edilməli olduğunu, Türkiyənin tərəfləri sülh danışıqları üçün bir araya gətirmək istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə və Fransa prezidentləri BMT Baş Qərargahında görüşüb.










