“The Sunday Times”ın yaydığı məlumata görə, Ukraynaya dəstək verən “könüllülər koalisiyası” ölkələri Rusiya ilə müharibədə Kiyevə birbaşa hərbi kontingent göndərməkdən imtina ediblər.
Musavat.com xəbər verir ki, Britaniya Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə açıq deyib:
“Heç kim Ukraynada ölənlər sırasına qatılmaq istəmir”.
Bunun əvəzində Qərb tərəfdaşları Ukraynanın hərbi-sənaye kompleksini gücləndirmək, xüsusən də yerli uzunmənzilli raket istehsalını təşkil etmək planı üzərində işləyirlər. Məqsəd Kiyevi hava hücumundan müdafiə sistemləri, dronlar və raketlər baxımından digər ölkələrdən asılılıqdan çıxarmaqdır.
“The Times” qeyd edir ki, əvvəllər müzakirə olunan 64 min nəfərlik beynəlxalq qüvvə ideyası reallıqda 25 min nəfərlə belə toplanmadı. Nəticədə döyüş meydanına əsgər göndərmək istəməyən koalisiya ölkələri sənaye əməkdaşlığı və texniki yardım xəttini seçdilər.
Analitiklər bildirirlər ki, bu, Ukraynanın hərbi potensialını uzunmüddətli perspektivdə gücləndirsə də, əslində, Qərbin müharibənin yükünü Kiyevin üzərinə atdığının etirafıdır. Financial Times isə yazır ki, “könüllülər koalisiyası”nın bəyanatları reallıqla toqquşur – siyasi dəstək var, amma əsl döyüşdə iştirak etmək istəyi yoxdur.