Müğənni Dilarə Kazımova “Elidor Azərbaycan”ın dəstəyi ilə günlərdi sosial şəbəkələrdə anons etdiyi yeni layihəsini təqdim edib.
"DİA-AZ" xəbər verir ki, məşhur estrada ifaçısı “Parla” adlı yeni trekini dinləyicilərin ixtiyarına verib. Həmin ifanın müəllifi Sheyh Ree-dir. Bəstənin aranjimanı və səs uzlaşması Ozadeyə məxsusdur. Dinamik və yayın əhval-ruhiyyəsini yansıdan klipin üzərində bu dəfə də peşəkar “Zerzibon Media”nın yaradıcı heyəti çalışıb. Layihədə Dilarənin dostları aparıcı Fidan Cəfərova və Jalə Vəliyeva çəkilib. İdeyası və staylinqi sənətçinin özünə və “Zerzibon Media”ya məxsusdur. Pop starın saç və makiyajı üzərində Murad Sultan çalışıb. D. Kazımova mətbuata yaydığı açıqlamada mahnı həyatda parlamaq və işıq saçmaq istəyən gözəl xanımlara həsr etdiyini bildirib: “Yay- dəyişiklik və parlaq yenilənmələr üçün mükəmməl mahnıdır. Bəstəni dinləyən kimi sözlərə və musiqisinə bağlandım. Bir sözlə, qəlbimə toxundu. Mahnının hər söz və notunda sanki parlamaq, işıq saçmaq, göz qamaşdırmaq istəyən xanımları gördüm. Qadın, bir işığın parıltısı kimi, gözəldir. Onun gücü, incəliyində gizlidir. Hər zərif və gözəl cinsin nümayəndəsi özünü görə biləcəyi güzgüdür bu mahnı. Əminəm ki, dinləyicilərimdə xoş təəssürat yaradacaq”. Rəngarəng, eyni zamanda yay ab-havalı görüntülərə malik “Parla” bütün musiqi platformalarında təqdim edilib.