İran milli voleybol komandası 2025 Millətlər Liqasının üçüncü həftəsində dördüncü oyununa çıxıb və Bolqarıstan millisi ilə görüşdə 3-0 hesablı qələbə qazanıb.
Axar.az xəbər verir ki, bu haqda idman mediası məlumat yayıb.
Qarşılaşmanın İran komandası xeyrinə başa çatmasında əsas amilin Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan voleybolçu Əmin İsmayılnejad olduğu bildirilib.
Polşanın Qdansk şəhərinin “Arqo Arena” kompleksində keçirilən oyunda azərbaycanlı voleybolçu 19 xalla ən yaxşı bombardir seçilib və istənilən oyunun gedişatını dəyişmək qabiliyyətinə malik olduğunu bir daha göstərib.
Avropalı idman şərhçiləri Əmin İsmayılnejadın zərbələrinin saatda 110 kilometrdən çox sürətə çatdığını söyləyiblər.
“İldırım sürətiylə zərbələr nəinki Bolqarıstanın, istənilən müdafiəni yarmağa imkan verir. Onun oyun üslubu güc və mühəndislik dəqiqliyinin birləşməsidir. Əmin zərbə vurmaq üçün hər dəfə havaya qalxanda salon sükuta bürünür və hər kəs möhtəşəm bir hadisənin olacağını bilir”, - idman ekspertləri qeyd ediblər.
İran idman mütəxəssisləri isə 1996-cı il təvəllüdlü Əmin İsmayılnejadı İran voleybol tarixinin ən parlaq üzvlərindən biri kimi qiymətləndiriblər.