Akademik Nizami Cəfərovun bəzi rus sözlərinin dilimizin lüğət tərkibinə daxil edilməsi ilə bağlı fikirləri cəmiyyətdə rezonans doğurub. Söhbət danışıqda da istifadə edilən “vopşe”, “tak çto”, “znaçit” kimi sözlərdən gedir. Paralel olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli Teleqraf-a bildirib ki, həmkarı bilərəkdən bu ifadəni işlədib və onunla razıdır:
Sitat: “Burada işin mahiyyəti düzgün açıqlanmayıb. Çünki lüğət dedikdə, Azərbaycan dilinin orfoqrafiya lüğəti nəzərdə tutulur. Amma bu belə deyil. Nizami müəllim sıradan bir adam deyil ki, danışıqda olan əcnəbi və digər sözlərin dilə salınmasını istəsin. O, intellektual adamdır, dilçiliyimizin tarixində bu səviyyədə az-az adamlar var. O, özü bilərəkdən bu ifadəni işlədib. Tamamilə də düz deyib. Mən də onun tərəfdarıyam. Hörmətli akademikimiz demir ki, dildə işlədilən bütün sözləri lüğətə salmalıyıq. O deyir, axtarılan, tapılan sözlər var ki, onlardan ümumişlək söz kimi yararlanmaq olar”.
Globalinfo.az-a danışan AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü sözügedən məsələyə aydınlıq gətirib.
O bildirib ki, dilimizdə işlənən həmin sözlər müxtəlif üslubi məsqədlər üçün istifadə olunur:
“Nizami Cəfərov hər zaman orjinal fikirləri ilə seçilib. Dilin lüğət tərkibində müəyyən qrup sözlərə “varvarizmlər” deyilir. Bunlar ekzotik sözlərə oxşasa da, Azərbaycan dilində qarşılığı var. Başqa dilə mənsub olan belə sözlər şifahi formada işlənir. Yazılı nitqdə isə üslubi məqsədlərə görə istifadə olunur. Amma bu qəbildən olan sözlərin dilimizin lüğətinə daxil edilməsi məqsədəuyğun deyil”.