
Kiyev və London 3,2 milyard dollarlıq kredit sazişi imzalayıblar.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın TSN telekanalı məluymat yayıb.
Bildirilib ki, Böyük Britaniyada Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın baş naziri arasında görüş başa çatıb.
"Ukrayna və Böyük Britaniya Ukraynanın müdafiə qabiliyyətini dəstəkləmək üçün 2,6 milyard funt sterlinq dəyərində yeni kredit sazişi imzalayıblar", - telekanal bildirib.
Qapalı danışıqlar başlamazdan əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer Londonda prezident Zelenski ilə şəxsən görüşüb və lazım olduğu müddətdə Kiyevi dəstəkləyəcəyini vəd edib.
Yayımlana videoda Starmerin Dauninq-strit 10 ünvanında yerləşən iqamətgahının astanasında nəinki hörmətli qonağı gözləməsi, həm də ona tərəf getməsi və onu qucaqlaması əks olunur. Baş nazir vurğulayıb ki, Böyük Britaniya Ukrayna üçün suverenlik və təhlükəsizliyə əsaslanan davamlı sülhə nail olmaq öhdəliyinə sadiqdir.
Xatırladaq ki, Zelenskinin Londona səfəri Vaşinqtondakı danışıqlarda qalmaqalın ertəsi günü baş tutub.