
İranda yaxın zamanlarda ciddi dəyişikliklərin baş verməsi ehtimalı artır. Bu necə olacaq? Hərbi, silahlı, yoxsa dinc, islahat yolu ilə? Hər halda, vəziyyətin ağırlığını hakimiyyət daxilində də etiraf edirlər.
İnqilab Keşikçiləri Qvardiyasının komandanları isə bəlağətli çıxışlarında İsrail, ABŞ və onların tərəfdaşlarını hədələyirlər. Tehran hakimiyyəti ictimaiyyətə yaxşı gələcək vəd edə bilmir. Rejim başçıları özlərini dini məsələlər arxasında gizlətməklə vətəndaşları aldadırlar.
ABŞ Prezidenti Donald Trampın İrana maksimum təzyiq sərəncamı qüvvəyə minib. Bu sənəd İslam Respublikasının neft satışını sıfıra endirməyə xidmət edir.
Bununla belə, İranın nüvə və hərbi obyektlərinin vurulması məsələsi də ABŞ və İsrailin gündəliyindədir.
Məşhur Harvard Universitetinin ABŞ Siyasətinin Öyrənilməsi Mərkəzi (CAPS), “Harris Pollinq” İnstitutu sorğu keçirib. Tədbirdə iki mindən çox seçici iştirak edib. Respondentlərin 76 faizi İranın nüvə obyektlərinin məhv edilməsinin vacibliyini bildiriblər. Rəyi soruşulanların 57 faizi İsrailin havadan İranın nüvə müəssisələrinə hücumuna ABŞ-nin dəstək verməsinə səs veriblər. Respondentlərin 54 faizi Donald Trampın İranla bağlı siyasətini dəstəkləyib.
İrandakı ciddi siyasi-iqtisadi böhranı dərinləşdirən daha bir amil isə sanksiyalardır.
Artıq islahatçı sayılan keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani həyacan təbili çalır. Vəziyyətin ağırlaşacağı xəbərdarlığını edirlər.
Məhəmməd Xatəmi bildirib: “Sanksiyalar nemət sayılanda bu pis günlərin də bizi gözləyəcəyini bilməli idik”. O, ölkədəki mövcud vəziyyətə toxunaraq deyib ki, xalqın, ölkənin indiki vəziyyəti yaxşı deyil: “Bu yaxınlarda açılan pəncərənin bağlanması və yaranan kiçik ümidlərin də yox olması böyük qorxudur, təhlükəlidir”.
Xatəmi deyib ki, ABŞ-nin yeni administrasiyasının əvvəllər müxtəlif yollarla ifadə və elan edilmiş son mövqeləri vəziyyətin pisləşəcəyini sübut edir. O, təhdidlərə qarşı ayıq-sayıq olmaqla yanaşı, yaranan fürsətlərdən də istifadə etməyin vacibliyini vurğulayıb. Keçmiş hökumət başçısının qənaətincə, İran hakimiyyətinin bəzi açıqlamaları Avropada və regionda narahatlıq yaradıb: “Milli maraqların qorunmasına yönəlmiş ayıq, fəal və çevik diplomatiya həmişə zəruri, həm də effektivdir”.
O, İranın Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatla nüvə məsələsinə dair problemlərinin qaldığını da vurğulayıb. Xatəmi bildirib ki, əhalinin tələbləri, verilən vədlər və irəli sürülən şüarlar da unudulmamalıdır.
Beşinci prezident indiki hökumət başçısı Məsud Pezeşkianı da müdafiə edib. Bildirib ki, mövcud problemlər ondan əvvəl yaranıb: “Ölkədə vəziyyət yaxşı deyil. Bu şəraiti Pezeşkian yaratmayıb”.
Həsən Ruhani isə ABŞ başda olmaqla Qərblə danışıqlardan da bəhs edib: “Bəziləri deyir ki, ali rəhbər (ayətulla Seyid Əli Xameneini nəzərdə tutur - red.) danışıqların əleyhinədir. Rəhbərlik danışıqların əleyhinə deyil. Əksinə, şəraitdən asılı olaraq, bu gün buna qarşı çıxa bilər, ancaq bir neçə aydan sonra şərtləri dəyişməyə razılıq verəcək”.
Bu o deməkdir ki, yaxın zamanda İran hakimiyyəti ABŞ ilə danışıqlar üçün açıq olduğunu bir daha bəyan edəcək.
Məsud Pezeşkianın mətbuat xidmətinin yaydığı məlumata əsasən, İran Prezidenti hesab edir ki, ABŞ danışıqlar aparmaq qabiliyyətini sübut edəcəyi təqdirdə Vaşinqtonla danışıqlar bərpa oluna bilər: “Sanksiyalardan qorxmaq lazım deyil. Bəziləri deyir ki, bizim ABŞ ilə danışıqlar masasına oturmaqdan başqa çarəmiz yoxdur. Lakin biz danışıqlar aparmayacağımızı da deməmişik. Sadəcə, quldurlar qarşısında baş əyməyəcəyik. Bizdə belə bir deyim var: əvvəl qohumluğunu sübut et, sonra mirasa iddia edərsən”.
Pezeşkian vurğulayıb ki, əvvəlcə hər cür sanksiya tətbiq edib, sonra danışıqlar aparmaq təklif etmək olmaz.
Rejimin belə ritorikası isə hakimiyyətin gücsüzlüyünü göstərir. Bu, daha çox daxili auditoriyaya hesablanmış açıqlamadır. Çünki istənilən şəkildə danışıqlara meylli görünmək Tehran hakimiyyəti daxilində vəziyyəti ağırlaşdıra bilər. Başqa sözlə, hakimiyyətin bir çox nümayəndəsi əba və əmmaməni qalstuk, kostyum və beysbolkaya dəyişər.
Həsən Ruhani 11-ci və 12-ci hökumətlərin (indi 14-cü hökumətdir) bir qrup nazir və sədr müavinləri ilə görüşündə ölkənin kritik vəziyyətindən danışarkən deyib: “Bizim hamımız ölkənin problemlərini azaltmaq üçün məsuliyyət daşıyırıq. Bu, təkcə hökumətin deyil, bütün sistemin borcudur”.
O, İran teleradio şirkətini tənqid edərək bildirib ki, bu müəssisə ölkə əhalisinin deyil, kiçik bir qrupun təbliğat maşınıdır.
Yeri gəlmişkən, İran televiziya kanalları daha ayətullah Xameneini, SEPAH komandirlərini və ona yaxın qüvvələri təbliğ edir. Hətta Həsən Ruhaninin başçılıq etdiyi 11-ci və 12-ci hökumətin fəaliyyətinə qarşı müzakirələr açır, reportaj verir.
13-cü hökumətə helikopter qəzasında ölən İbrahim Rəisi başçılıq etmişdi. Onun kabinetinin fəaliyyəti ilə bağlı müəyyən bəlli səbəblərdən tənqidi fikirlər, yaxud qərəzli müzakirə apar bilmirlər.
Ona görə də Həsən Ruhani hökuməti tənqid olunur. O, ünvanına deyilənləri cavablandırmaq üçün dəfələrlə müraciət etsə də telekanallar onun istəyini təmin etməyiblər.
İran hökumətinin keçmiş başçılarının çıxışlarından da göründüyü kimi, ölkədə vəziyyətə ağırlaşmağa doğru inkişaf edir. Hakimiyyət nümayəndələri isə yaranmış vəziyyətdən çıxış yolunu “sanksiyalara dözərik”də görür. Tehran rəsmiləri tətbiq edilən məhdudlaşdırıcı tədbirlərlə sanki fəxr edirmiş kimi davranırlar. Az qalır desinlər ki, görün, biz necə güclüyüksə, sanksiya tətbiq edirlər. Bəzən buna oxşar ifadələri açıq da deyirlər.
Ancaq cəmiyyət dözə bilmir. Bütün gündəlik tələbat mallarının, qida məhsullarının, tikinti materiallarının, yanacağın qiyməti artıb. Bir dolların qiyməti yüz min tüməni də ötüb. Qış fəslində elektrik enerjisi qıtlığı, təbii qaz çatışmazlığı səbəbindən məktəblər, ofislər qar, yağıntı bəhanəsi ilə bağlanıb. Atom elektrik enerji stansiyası isə hələ 2029-cu ildən sonra istehsal gücünü 3000 meqavatt/san-yə çatdırmaq niyyətindədir...
Bu, hali-İrandır. Yaxşı heç nə vəd etmir bu hal…
Sədrəddin Soltan - pressklub.az