Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu il yanvarın 1-nə əhalinin banklardakı əmanətləri 14 milyard 661.9 milyon manat təşkil edib ki, bu da indiyədək olan ən yüksək göstəricidir.
Əhalinin banklardakı əmanətləri əvvəlki ayla müqayisədə 3% və ya 426.3 milyon manat, son bir ildə isə 13.2% və ya 1 milyard 714.1 milyon manat artıb.
Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən etibarən davamlı artım tendensiyası nümayiş etdirir.
Mövzu ilə bağlı Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”a açıqlamasında bildirib ki, burada əsas səbəb faizlərin yüksək olmasıdır:
“Bu da insanları təşfiq edir. Əvvəllər faizlər aşağı idi. İnsanlar istəmirdilər öz vəsaitlərini banklarda yerləşdirsinlər, çünki müəyyən təhlükələr vardı. İndi təhlükə hiss etmirlər və faizlər də yüksəkdir. Ona görə daha rahat şəkildə banklara vəsait qoyurlar.
Artıq 11-12 faiz divident verən bankların sayı artıb. Siyahıya etibarlı bankların daxil edilməsi də ciddi rol oynayır. Əvvəllər daha kiçik banklar bu civarda faizlə əmanət qəbul edirdi. İndi artıq 4 ən böyük bank da 11-12 faizlik depozit gəliri təklif edir. Bu da vətəndaşlara cəlbedici görünür. Buna görə də əhali əlavə vəsaitlərini banklarda yerləşdirməyə üstünlük verir”.