
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ müdafiə naziri Pit Heqsetdən hələ də razıdır və amerikan hərbçilərin bir neçə həftədir zərbələr endirdiyi husilərin onun işini qiymətləndirməsini istəyib.
“Report” xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib ki, “o (Heqset – red.) öz işinin öhdəsindən əla gəlir”.
“Husilərdən soruşun, onun işləri necədir”, – ABŞ Prezidenti əlavə edib və Heqsetin hərəkətlərinin Pentaqonun işini hər hansı şəkildə pozması barədə fərziyyələri qəti şəkildə rədd edib.
“Pit əla işləyir. Hamı ondan razıdır”, – Amerika lideri deyib.
“Bu sadəcə yalançı mediadır. Onlar bu hekayələri sadəcə uydururlar. Düşünürəm ki, bu, deyingən keçmiş əməkdaşlarla olan hal kimi səslənir. Bilirsiniz, onu oraya (Pentaqona – red.) bir çox pis insanlardan qurtulmaq üçün qoyublar və o bunu edir. Beləliklə, siz bununla məşğul olduğunuzda, heç də həmişə dostlarınız olmur”, – Tramp vurğulayıb.