Bakıda daha bir milyarder həbs təhlükəsi ilə üzləşib - Əmanətçilər "Bank of Azeribaican"dan pullarını tələb edir
Tarix: 11-07-2015, 11:27 |
Çap et
"Bank of Azeribaican" məhkəməyə verilir. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, əmanətçilər bankdan pullarını ala bilmədiklərinə görə məhkəməyə müraciət etməyi planlaşdırırlar.
Məlumatda deyilir ki, artıq bir neçə aydır əmanətçilər "Bank of Azeribaican"dan pullarını tələb edir. Lakin bank hər dəfə bir bəhanə ilə əmanətçilərin pullarını geri qaytarmır. Əmanətçilər hətta pullarının hissə-hissə qaytarılmasına da razıdırlar. Lakin bank bu güzəşti də qulaqardına vurur.
Əmanətçilər İstiqlal.az-a bildirir ki, bank əmanətlərin qaytarılmamasına heç bir səbəb göstərmir. "Heç nə demirlər. Sadəcə müxtəlif bəhanələrlə bizi get gələ salırlar. Ona görə də düşünürük ki, məhkəməyə müraciət edək",-deyə əmanətçilər bildirib.
İstiqlal.az-a daxil olan başqa məlumatda isə deyilir ki, problemin kökü bankda pul olmaması ilə bağlıdır. "Daha doğrusu pul var idi. Lakin bankın rəhbərliyi Beynəlxalq Bankdan külli miqdarda kredit götürmüşdü. Pulla həmin kreditin qaytarılmasına sərf olunub",-deyə mənbə bildirib.
Xatırladaq ki, "Bank of Azerbaican"ın sahibi iş adamı Hafiz Məmmədov olub. Lakin sonradan iş adamı müflis olduğuna görə bank əlindən çıxıb. Bir müddət əvvəl məlumat yayılmışdı ki, Hafiz Məmmədov "kredit qalmaqalı"na görə həbs təhlükəsilə üzləşib.