SAATLININ İCRA BAŞÇISI NƏYİN GÜDAZINA GEDİR?
Tarix: 10-04-2013, 12:12 |
Çap et
DÜNƏN İCRA BAŞÇISI TƏCİLİ BAKIYA ÇAĞRILIB: VƏZİYYƏTİ GƏRGİNDİR
DİA.AZ: - Saatlının icra başçısı Siraqəddin Cabbarov dünən Bakıya çağırılıb. DİA.AZ bildirir ki, bu barədə “demokratiya.info” saytı xəbər yayıb. Portala verilən məlumata görə, rayon rəhbərinin Prezident Admnistrasiyasına qəfil dəvət edilməsinin detalları tam məlum deyil. Amma bununla bağlı bəzi bilgilər var.
Məlumata görə, Siraqəddin Cabbarovun Bakıya dəvət edilməsi son günlər rayonda müxalifətin həddindən artıq güclənməsi ilə bağlıdır. Belə ki, AXCP-nin ötən günlərdə Saatlıda böyük tədbir düzənlənməsindən sonra yuxarı dairələr rayon rəhbəri ilə danışmaq qərarına gəliblər.
Saatlı rayon İcra Hakimiyyətindəki mənbələrdən birinin xəbər portalına verdiyi məlumata görə isə son tədbir məsələsi icra başçısının işdən çıxarılmasına səbəb ola bilər. Mənbənin sözlərinə görə, Siraqəddin Cabbarova müxalifətin rayonda güclənməsinə dair bir neçə dəfə sərt şəkildə xəbərdarlıq edilib ki, sonuncu məsələ səbrləri daha da daşırıb. «Böyük ehtimalla icra başçısı ya ağır töhmət alacaq, ya da işdən çıxarılacaq. Çünki bu artıq 4-5-ci dəfədir ki, Siraqəddin Cabbarova xəbərdarlıq edilir».