"TANINMAQ ÜÇÜN BU, ASAN YOLDUR"
Tarix: 1-12-2011, 12:29 |
Çap et
AZƏRBAYCANLI MÜĞƏNNİ QALMAQALLARDAN DANIŞDI
Gənc müğənni Günay İbrahimli Milli.Az xəbər portalına verdiyi açıqlamasında qalmaqallardan danışdı.
"Bəzi qalmaqallar sünidir. Düzdür, bu fikir hamıya aid deyil. Ümumiyyətlə, şou-biznes elə bir sahədir ki, müğənnilər arasında tez-tez qalmaqallar olur və bu qalmaqallar efirdə yayımlanaraq bir az da böyüyür. Amma elə qalmaqallar var ki, sünidir. Müğənnilər özlərini tanıtmaq üçün yalandan qalmaqal yaradırlar. Bir-birləri ilə yola getmirlər. Bu cür münasibətlərin də efirə yayımlanmasına onlar çox şaddırlar", - G. İbrahimli dedi.
Populyar müğənni özünün mübahisələrdən uzaq olduğunu dedi.
"Tanınmaq üçün qalmaqala əl atsalar da, onlar sənətdə daimi qala bilməzlər. Çünki əsl sənətdə bu cür şeylərə yer yoxdur. Düzdür, tanınmaq üçün bu, asan yoldur. Lakin o müğənnilər bilməlidirlər ki, asanlıqla da unudulacaqlar.
Mənimlə kimsə mübahisəyə girmək istəyəndə mən cavab vermirəm. Çünki kiminləsə mübahisə yaşamaq istəmirəm. Amma görsəm ki, kimsə daim mənlə qalmaqala girir, çalışaram ki, o insanı başa salım", - G.İbrahimli dedi.