SABİQ İCRA BAŞÇISI İSMAYILLIDAKI VİLLASINI SATDI
Tarix: 15-03-2013, 11:23 |
Çap et
İsmayıllıda baş verən kütləvi etiraz askiyaları zamanı yerli sakinlərin qəzəbinə düçar olan keçmiş icra başçısı Nizami Ələkbərov bu rayonda sahibi olduğu dəbdəbəli villasını satıb. Bu barədə Modern.az saytına İsmayıllıdakı etibarlı mənbədən məlumat daxil olub.
Bildirilir ki, ölkə başçısının sərəncamı ilə tutduğu postdan uzaqlaşdırılan Nizami Ələkbərov İsmayıllıda çalışdığı dövrdə aldığı, bir neçə milyon manat dəyəri olan imarəti bu yaxın günlərdə satıb.
Dəbdəbəli malikanənin yeni sahibinin kimliyi məlum olmasa da, qonşular da İsmayıllıda olan əməkdaşımıza sabiq icra başçısının evinin satılığını təsdiqləyiblər.
Qonşular Nizami Ələkbərovun İsmayıllıdan getdikdən sonra oradakı evinə gəlmədiyini vurğulayıblar. Bildiriblər ki, sözügedən mülkün alqı-satqısını keçmiş icra başçısının qohumları həyata keçiriblər. Sakinlərin sözlərinə görə, Nizami Ələkbərov İsmayıllıdakı digər obyektlərini də satışa çıxarıb.
Qeyd edək ki, bu ilin yanvar ayında İsmayıllıda baş verən iğtişaşlarda narazı sakinlər Nizami Ələkbərovun yaşadığı villanı daş-qalaq edib, yandırmağa cəhd göstərimişdilər. Sabiq icra başçısı mətbuata açıqlamasında həmin mülkün oğlu Elxan Ələkbərova məxsus olduğunu bildirmişdi.
Xatırladaq ki, 2006-cı ilin sentyabrın 6-dan İsmayıllınınm icra başçısı işləyən Nizai Ələkbərov məlum hadisələrdən sonra bu il fevralın 14-də prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.