MİSİR MƏRDANOV NİYƏ ÖZÜNƏ MÜAVİN SEÇƏ BİLMİR?
Tarix: 24-02-2013, 13:11 |
Çap et
TƏHSİL NAZİRİNİN İKİ MÜAVİNİ POSTU HƏLƏ DƏ BOŞ QALMAQDADIR
DİA.AZ: - Təhsil sistemində çox ciddi islahatların anonsu hələ xeyli əvvəldən verilsə də, amma bu istiqamətdə heç bir yenilik baş vermədi. Hətta aradan xeyli müddətin keçməsinə baxmayaraq hələ də Misir Mərdanovun vəzifəsindən alınan iki müavininin yeri boşdur. Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, əslində boş qalan müavin postları Misir Mərdanovun karyera aqibəti ilə birbaşa əlaqələdir.
Nazirlər Kabinetindəki qaynağın bildirdiyinə görə, həmin müavinləri yeni nazirin təyin edəcəyi gözlənilir: «Amma Misir Mərdanov hələ də vəzifədə saxlanılır. Bəlkə də nazirin özünə də bu situasiya təəccüblü gəlir. Çünki nə yeni müavin təyin etmə və yaxud da müəyyən etmə səlahiyyəti yoxdur, nə də onu vəzifəsindən almırlar. Hətta jurnalistlərin qarşısına çıxaraq «mən istefaya getməyə hazıram» deməsi də yetərli olmayıb. Təbii ki, burada təhsil mafiyasının iştirak payı kifayət qədərdir. Onlar Misir Mərdanovdan hələ müəyyən müddətə istifadə etməyi düşünürlər».
Amma bunun da davamlı olmayacağını bildirən mənbəmiz əlavə etdi ki, Misir Mərdanovun da adı prezident seçkilərnə qədər vəzifəsindən alınacaq məmurlar siyahısına daxil edilib: «Yəni qərar var. Çox güman bu dərs ilinin sonlarına yaxın Mərdanovu vəzifəsindən alsınlar».
DİA.AZ bildirir ki, bu günə qədər mətbuatda Mərdanovu əvəzləyəcək kadr kimi bir çox isimlər hallandırılıb.