Son günlər cəmiyyətdə bəzi reabilitasiya mərkəzləri müzakirə mövzusuna çevrilib. Orada baş verən qanunsuzluqlar, insanların görüntülərinin açıq-aşkar paylaşılması, pasiyentlərə olunan xoşagəlməz davranışlar və digərləri nümunə kimi göstərilə bilər.
Ajans.az mövzunu ətraflı araşdırmaq üçün vəkil Vüsal Cəfərovdan açıqlama alıb.
Vəkil bildirib ki, reabilitasiya mərkəzi açmaq istəyən hər hansısa bir şəxs VÖEN ilə vergi üzrə qeydiyyatdan keçirlər. Sonra da xidmətin adını “ Consulting” qoyurlar( məsələn). Guya həmin mərkəz consulting ilə məşğul olur. Rəhbərlik də idarəyə müraciət edən şəxslərin valideynləri ilə müqavilə imzalayır. Həmin vətəndaş da orada saxlanılır, hətta işgəncə də verilir. İynənin, narkotikin vaxtı da gələndə həmin adam müqavimət göstərə bilmir. Bu da azadlığın qanunsuz şəkildə məhdudlaşdırılmasıdır. Xəsarətin ağırlıq dərəcəsinə cinayət məsuliyyəti tətbiq olunur.
Bu qurumlar Səhiyyə Nazirliyinin icazəsi ilə açılmalıdır. Narkotik vaxtı çatan şəxsə də müəyyən iynələr vurulmalıdır. Lakin həmin iynə-dərmanların tərkibi necədir, hələ də məlum deyil. Bu da həmin qurumların fəaliyyətinin qanunsuz olduğunu göstərir.
Vüsal Cəfərov açıqlayıb ki, əvvəlcə qeyd etmək lazımdır ki, bəzi Reabilitasiya Mərkəzləri pasiyentlərə göstərilən xidmət növünə görə əvvəlcədən bu fəaliyyətlə məşğul olmaq üçün xüsusi lisenziya alınmalıdır.
Hazırda narkomaniyadan, alkoqolizmdən və.s əziyyət çəkən şəxslərin reabilitasiyası üçün bu cür mərkəzlərin fəaliyyətinə xüsusi lisenziyanın verilməsi və hansı qurum tərəfindən verilməli olması və.s hallar tənzimlənmir.
Bilinən fakt budur ki, xüsusi sahələrə aid lizenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Reabilitasiya Mərkəzləri xüsusi sahə hesab olunmasa da, həmin Mərkəzlərdə tibbi xidmətdən istifadə, reabilitasiyanın zamanı tibbi prosedurlar tətbiq olunduğundan bu barədə Səhiyyə Nazirliyindən icazə alınmalıdır.
O qeyd edib ki, eyni zamanda həmin Reabilitasiya Mərkəzlərində müalicə metodları əvvəlcədən müəyyən olunmalı, həmin müalicə metedları qanunvericilik baxımıdan icazə verilə bilən metodlar olmalıdır. Məhz buna görə bu cür müalicə metodlarının tətbiq edilməsi barədə əvvəlcədən razılıq alınmalıdır.
Narkomaniyadan, alkoqolizmdən və.s əziyyət çəkən şəxslərin müalicəsi ilə məşğul olan Reabilitasiya mərkəzlərinin xüsusi lisenziya əsasında fəaliyyət göstərməsini demək olmur. Həmin Mərkəzlər Məhdud Məsuliyyətli Cəmiyyət kimi Vergi orqanında qeydiyyata alınaraq fəaliyyət göstərməyə başlayırlar. Belə fəaliyyət isə qanunsuzdur.
Halbuki həmin Mərkəzlərin şəxsləri qanunsuz olaraq Mərkəzdə saxlamağa heç bir hüquqları yoxdur. Əsas kimi bu göstərilir ki, guya onlar müalicəyə ehtiyacı olan şəxslərin yaxın qohumları ilə müqavilə bağlayaraq, həmin şəxlsəri Mərkəzə qəbul edirlər. Lakin, bu şəxslərin iradələri əleyhinə Mərkəzdə saxlanmaları, müqavimət göstərilən zaman onlara zor tətbiq edilməsi Cinayət Məsuliyyətinə səbəb ola bilər.
Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 145.1-ci maddəsinə əsasən adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə — iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə— iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu cür şəxslərin videosunun icazəsiz paylaşılması cinayət məsuliyyətinə səbəb olur. Belə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.