
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının 2-ci ayı tamamlanır. 2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Hava Limanından Azərbaycan Hava Yollarına məxsus “Embraer ERJ 190-100” təyyarəsi havaya qalxıb və Qroznıya istiqamətlənib. Səhər tezdən J2-8243 reysi üzrə uçan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Təyyarəni 15.000-dən çox uçuş saatı olan 62 yaşlı təcrübəli kapitan İqor Kşnyakin idarə edib. 29 yaşlı Aleksandr Kalyaninov ikinci pilot olub. Uçuşun ilk mərhələsi hadisəsiz keçib, Rusiya hava nəqliyyat idarəçiləri ilə aydın və adi qaydada radio əlaqəsi saxlanıb. Lakin təyyarə Qroznıya yaxınlaşarkən, kokpitdə (uçuş aləti displeyləri) qəribə bir sükut yaranıb - hər iki GPS sistemi qəfil sönüb.
Saat 4:36-da pilotlar çətin şərtlər altında Qroznıda enməyə cəhd ediblər. Qroznı nəzarət qülləsi eniş üçün vektorlar təqdim etsə də, kokpitdə təkrarlanan yer yaxınlığı xəbərdarlıqları səslənib. Avtomatik sistem “yuxarı qalx, yuxarı qalx” siqnalı verib. Pilotlar bu vəziyyətdə 2 dəfə enməyə cəhd edib və hər 2 cəhd uğursuz olub. Saat 5:11-də ekipaj Bakıya qayıtmaq qərarı verib. Lakin az sonra kritik sistemdə hidravlik təzyiq sıfıra düşdü. Bir neçə saniyə sonra kabinənin təzyiqsizləşməsi baş verib. Göyərtədə sərnişinlərin səs-küyü yaranıb. Kapitan baş verənləri “Quşlarla toqquşma”nın nəticəsi kimi anlayıb. Bundan sonra təyyarə Qazaxıstanın Aktau şəhərinə istiqamətlənib və orada qəza enişi edib. Qəzadan sonra təyyarənin qalıqlarında zədələr aşkar olunub. Azərbaycan və Qazaxıstan "qara qutu"ların oxunmasından sonra ilkin hesabatını açıqlayıb. Komissiyanın hesabatında deyilir ki, təyyarə qalıqlarında "kənar obyektlər" aşkarlanaraq götürülüb. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çoxsayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Təyyarənin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib. Təyyarənin qalıqlarının kor zədələrində olan, hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Hesabatda bildirilir ki, 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir. Hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb. Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.
Hesabatdan da göründüyü kimi, Azərbaycan təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb, ardıcıl bir neçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri 05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə “Ковер” əməliyyatı barədə Qoznıya 8 dəqiqə sonra - 05:21:42-də məlumat verib. Burdan aydın olur ki, Azərbaycan tərəfinin və təyyarə ekipajının “Ковер” əməliyyatından xəbəri ola bilməzdi. Bu da onu göstərir ki, Rusiya tərəfi məsələni gizlətmək istəyib. Təyyarəyə atəşin Çeçenistanın paytaxtı Qroznı yaxınlığındakı Xankala qəsəbəsində yerləşən hərbi hissədə ərazisindən açılmasına dair məlumatlar var.
Prezident İlham Əliyev təyyarənin Rusiya tərəfindən vurulduğunu bildirib. O, Prezident Putindən üzrxahlıq, etiraf və kompensasiya tələb edib. Rusiya lideri Vladimir Putin İlham Əliyevə zəng edib təyyarənin Rusiya səmasında qəzaya uğramasına görə üzr istəsə də, təyyarənin vurulduğunu etiraf etməyib. Hələ ki, Rusiya Azərbaycana kompensasiya ödəyəcəyi barədə heç bir açıqlama verməyib. Hesabatda deyilir ki, təyyarə qalıqlarında "kənar obyektlər" aşkarlanaraq götürülüb. Təyyarənin "qara qutu"ları oxunandan sonra Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib ki, hava gəmisi Qroznıya qədər uçuşa tam yararlı olub, təyyarə quşlarla toqquşmayıb və salonunda oksigen balonu partlamayıb. Hava gəmisi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçarkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Təyyarə pis havaya görə Qroznıya ikinci dəfə də enə bilmədiyi üçün Bakıya qayıtmaq istəyib, amma bu zaman “qara qutu”lar 24 saniyə aralığında 2 kənar səs qeydə alıblar. Bu səslərdən sonra qısa fasiləylə təyyarənin hidravlik sistemi sıradan çıxıb. Hava gəmisi əsas idarəetmə sistemlərini itirib. İlkin hesabatda deyilir ki, hava gəmisində aşkar edilən çoxsaylı zədələr kənar obyektlərin təsiri nəticəsində baş verib. “Təyyarənin qalıqlarının kor zədələrində olan kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşməsi üçün əlavə ekspertiza keçiriləcək və ictimaiyyətə məlumat veriləcək”, - qurumlar açıqlayıb.
Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u yaralanıb. Ekipaj üzvləri də daxil olmaqla onlardan 42-si Azərbaycan vətəndaşı olub. Həlak olmuş ekipaj üzvləri ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, sağ qalan təyyarə bələdçiləri "Rəşadət" ordeni ilə təltif olunub.
Yanvarın 6-da Prezident İlham Əliyev qəzada həlak olmuş ekipaj üzvlərinin ailələri və ekipajın sağ qalmış üzvləri ilə görüşüb.
"Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik", - Prezident bildirib.
Əlavə edib ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi: “AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək”.
O, cinayət işinin bütün materiallarını hələ ki, açıqlamaq istəmədiyini əlavə edib: "Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir".
BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılmışdır. Qəza ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işi başlanıb. Hazırda hər 3 ölkədə istintaq gedir.
Musavat.com