
ABŞ-Avropa İttifaqı arasındakı gərginliyə Bayden-Blinken Administrasiyasının ultra liberal və liberalo-faşist siyasəti səbəb olur. Avropada isə Makron və digər liderlərin neokolonializm siyasəti vəziyyəti daha da mürəkkəbləşdirir. Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidentinin çıxışı Qərb elitası üçün “soyuq duş” effekti yaratdı.
Ukraynanın taleyi onun iştirakı olmadan müzakirə olunur, bu isə ölkənin “narıncı inqilablar poliqonuna” çevrilməsinin nəticəsidir. Ukraynadakı çevrilişləri təşkil edənlər rahat həyatlarını yaşayır, əzab çəkən isə Ukrayna xalqıdır. Azərbaycanda da eyni qüvvələr (Nuland və s.) rəngli inqilablar cəhdləri edib, lakin güclü liderlik sayəsində bu təhlükə neytrallaşdırılıb. Azərbaycan milli maraqlarını qoruyur və heç vaxt xarici siyasi eksperimentlər üçün poliqona çevrilməyəcək.
Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, hazırda Avroatlantik alyansda ciddi fraqmentasiya mövcuddur:
“ABŞ-Avropa İttifaqı arasındakı gərginlik və Trampın Avropa siyasəti fonunda bu özünü göstərir. Digər tərəfdən Avropa Amerikasız güc olmağa çalışsa da, indiki hərbi imkanlarıyla buna nail olması qeyri-mümkündür. Ona görə də beynəlxalq siyasətdə ciddi konfiqurasiya dəyişikliyi baş verməkdədir. Dövlətlər və bəzi mərkəzlər arasında yeni nizamnamələr, güc balansında fundamental dəyişiklər gedir. ABŞ çalışır ki, Rusiya və Çin bağını qoparsın. Digər tərəfdən Avropanı iqtisadi cəhətdən daha çox özündən asılı vəziyyətə salmağa səy göstərir. Rusiya isə postsovet məkanında öz geosiyasi ambisiyalarını həyata keçirməyə cəh edir. Çin isə bütün dünyada Amerika hegemonluğunu zəiflətmək istəyindədir. Belə olan halda Cənubi Qafqaza da həm regional, həm də qlobal güclərin marağı yönəlir. Qafqaz strateji cəhətdən kifayət qədər əhəmiyyətli regiondur. Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır. Reallıq bundan ibarətdir ki, bu dövlətlər öz hegomonluqlarını həyata keçirməyə yönəliblər. Bəşər tarixi yarandığı gündən dövlətlər hegemonluq mübarizələrini imperializm, kolonializm və quldarlıq metodlarını işə salmaqla aparıblar. İndiki müasir dönəmdə də həmin güc mərkəzləri fərqli regionlarda öz maraqlarını icra etmək üçün rəngli inqilablar, çevrilişlər həyata keçirməyə üstünlük verirlər. Gürcüstandakı “Narıncı inqilab”ı və Ermənistandakı çevrilişi buna nümunə göstərə bilərik”.
Ekspert qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, indiyə qədər hansısa rəngli inqilab və çevriliş baş tutmayıb:
“Buna cəhdlər olunsa da, heç vaxt icra oluna bilməyib. Çünki Azərbaycanda 1993-cü ildən indiyə qədər daimi sabitlik, inkişaf olub və bu xalq, dövlət birliyini daha da möhkəmlədib. Digər tərəfdən isə Azərbaycan Qarabağ məsələsini kökündən çözdü və öz suverenliyini təmin etdi. Bu isə Azərbaycanın Cənubi Qafqazda və daha geniş coğrafiyada söz sahibi olmasına gətirib çıxardı. Təbii ki, burada Azərbaycanın daxili, xarici siyasətində atdığı addımlar, ordu quruculuğu, iqtisadi islahatlar xalq və dövlət arasında birliyi bərkitdi. Azərbaycan xarici siyasəti nəticəsində özünə regional və qlobal səviyyədə özünə etibarlı partnyorlar tapması böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik və COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada statusunu daha çox qüvvətləndirib. Eyni zamanda Azərbaycan digər ölkələrə hümanitar yardımlar göstərib və mədəni quruculuq işlərində yaxından iştirak edib. Sözügedən bütün hadisələr Azərbaycanın xarici siyasətinin şaxələndiyinin göstəricisidir. Ona görə də hazırda ölkəmizə qarşı heç bir rəngli inqilablar və çevrilişlər ola bilməz”.