Müxtəlif iqtisadçı ekspertlərin fikirlərinə görə hazırda dünyada dollarla bağlı vəziyyət Donald Trapmın ilk prezidentlik dövründəki ilə eynidir. Hətta proqnozlara görə ABŞ dollarının 5 faiz artaraq avrodan da baha olacağı bildirilir. Belə bir proses son dəfə 2022-ci ildə olmuşdu. Beləliklə dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov Referans.az - a açıqlamasında qeyd edib ki, Donald Trampın Amerika Birləşmiş Ştatlarına yenidən prezident seçilməsi ilə dolların bahalaşması gözlənilən idi. Ekspert hesab edir ki, bu gün dünyada dolların bahalaşması Azərbaycan üçün müsbət haldır. Çünki məlum olduğu kimi Azərbaycanın milli valyutası olan manat Amerika Birləşmiş Ştatları dollarına bağlıdır. Azərbaycan manatının vəziyyəti inzibati yolla idarə olunan sabit məzənnədir. Beləliklə dollar bahalaşdıqca bizim milli valyuta da digər valyutalara nisbətən bahalaşır.
Əkrəm Həsənov həmçinin onu da vurğulayıb ki, belə məqamda müəyyən suallar da meydana gəlir. Misal üçün sual yarana bilər ki, dollar bahalaşdıqca bizim məhsulların qiymətləri niyə bahalaşmır? Bu isə yerli istehsalçıların gəlirliyinə təsir edə bilər. Yəni xarici rəqiblərlə rəqabətdə uduza bilərlər. Açığı onu demək lazımdır ki, biz dünya bazarına neft-qazdan savayı elə bir mühüm ixrac etdiyimiz nəsə yoxdur. Əsasən ölkəmizdən Rusiyaya kənd təsərrüfatı məhsulları satılır. Bu məhsulların satışı isə dolların bahalaşmasına bağlı deyil.
"Bir sözlə dolların dünya miqyasında bahalaşması avro ilə olan məhsullar bizim üçün ucuzlaşacaqdır. Bu proses nəticəsində avro qiymətdən düşdükcə biz daha çox avro ilə mal ala bilərik. Bütün bunları nəzərə alaraq düşünürəm ki, dolların bahalaşması bu baxımdan Azərbaycan üçün müsbət haldır", - deyə ekspert əlavə edib.