ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çərşənbə axşamı Vaşinqtonda Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiyanı imzalayıblar.
Blinkenin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq enerji sahəsində öz əksini tapıb və hazırda nüvə təhlükəsizliyi, atom enerjisi ilə bağlı danışıqlar aparılır. Bundan əlavə, ABŞ rəsmisi Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq etdiyini vurğulayıb:
“Xüsusilə Ermənistanın suverenliyini gücləndirməyə yönəlmişik”.
O bildirib ki, gələn həftə sərhəd təhlükəsizliyinə dair xüsusi qrup Ermənistana səfər edərək birgə işlər aparacaq. Həmçinin, Ermənistanın sərhədlərinin qorunması və bölgədə sülhün gücləndirilməsi istiqamətində “Eagle Partner” təşəbbüsünün davam etdiriləcəyi bildirilib. Ermənistanın İŞİD əleyhinə koalisiyaya qoşulması məsələsinə də toxunulub.
Blinken əminlik ifadə edib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiya Cənubi Qafqazın daha sülhpərvər, təhlükəsiz və müstəqil olmasına töhfə verəcək.
Ararat Mirzoyan Xartiyanın Ermənistan ilə ABŞ arasında enerji, iqtisadiyyat, təhlükəsizlik və müdafiə sahələrində tərəfdaşlığı təsdiqlədiyini və hər zaman sadiqliklərini qeyd edib.
Ermənistanın ABŞ ilə bu cür strateji əməkdaşlıq addımları atması ilk növbədə regionda balansı dəyişdirmək məqsədi daşıyır. ABŞ-nin Ermənistanla əməkdaşlıqda suverenlik və təhlükəsizlik məsələlərini qabartması isə əslində Ermənistanı regional inteqrasiyadan uzaqlaşdırmaq və Qərbə doğru siyasi manevrlərini gücləndirmək niyyətini göstərir. Xüsusilə də “Eagle Partner” təşəbbüsü kimi hərbi əməkdaşlıqların Ermənistanın qonşularına, o cümlədən Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə oluna biləcəyi ehtimalı var.
Bununla yanaşı, Ermənistanın ABŞ-nin himayəsi ilə nüvə sahəsində “123 Sazişi” üzrə əməkdaşlıq axtarışı bölgədə potensial risklər yarada bilər. Çünki belə layihələrdən sui-istifadə halları keçmişdə də az olmayıb.
Ermənistanın İŞİD əleyhinə qlobal koalisiyaya qoşulması isə daha çox görüntü xarakteri daşıyır, çünki bu, regionda real hərbi və təhlükəsizlik vəziyyətinə birbaşa təsir etməyəcək.
Azərbaycan üçün əsas təhlükə bu əməkdaşlığın Ermənistanın təcavüzkar siyasətinə, xüsusilə də sərhəd məsələlərində belə davranışına əlavə dəstək təmin etməsi ola bilər. Bunun Ermənistanın sülh prosesində qeyri-konstruktiv mövqeyini gücləndirə və Azərbaycan-Ermənistan münasibətlərində daha çox gərginliyə səbəb olması ehtimalı var. ABŞ-nin belə bir siyasəti Cənubi Qafqazda sabitliyi deyil, əksinə, daha çox qeyri-müəyyənlik riskini artırır.
Şantaj və təxribat strategiyası
“Cümhuriyət”-ə danışan israilli politoloq Yuri Boçarov bildirib ki, amerikalılar xarici siyasətlərində uzun müddətdir şantaj və təxribat strategiyasından istifadə edirlər:
"Onların hər hansı bir bəyanatı və hətta birgə memorandumları ilkin mərhələdə heç bir öhdəlik daşımırmış kimi görünür. Amma əslində bunlar həm dünya ictimaiyyətinin, həm də bütün maraqlı tərəflərin reaksiyasını yoxlamaq üçün bir "test" rolunu oynayır. Əgər heç bir reaksiya göstərilmirsə və ya reaksiya kifayət qədər sərt deyilsə, növbəti addım atılır. Bu addım artıq əvvəlki bəyanatlara istinad edilərək, lakin daha sərt formada olur.
Məsələn, ABŞ-nin Tayvanın müstəqilliyinə "dəstək" bəyanatlarını xatırlayın. Pekinin reaksiyası olduqca sərt oldu. Təkcə etirazla kifayətlənmədi, Tayvan ətrafında "Birləşmiş Qılınc – 2024В" adlı nəhəng dəniz hərbi təlimlərinə başladı ki, bu da adanın müstəqilliyə meylliliyini cilovlamaq məqsədi daşıyırdı. Nəticədə, ABŞ yenə də əvvəlki mövqeyində qaldı və Çinin adaya olan suverenliyini tanıdığını bəyan etdi, amma Tayvanın statusunu həll olunmamış məsələ kimi qiymətləndirdi.
İndi imzalanmış xartiya siyasi niyyətlər deklarasiyası kimi görünür və iqtisadiyyat, təhlükəsizlik, müdafiə, demokratiya, inklüzivlik və insanlararası əlaqələr kimi sahələrdə əməkdaşlığı genişləndirmək barədə heç bir konkret əməkdaşlıq proqramı təklif etmir".
“Rusiyanın Ermənistanla bağlı öz planları var”
Politoloq hesab edir ki, bu bəyanat Rusiyanın reaksiyasını yoxlamaq üçün nəzərdə tutulub. Lakin Kremldən xüsusi bir reaksiya olmadı:
"Moskva Ermənistanın qərarını “suveren seçim” adlandırsa da, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ermənistan hakimiyyətini problemlərini qonşu ölkələrlə həll etməyə və dəstək üçün Qərbə müraciət etməməyə çağırdı.
Bəlkə də Rusiyanın Ermənistanla bağlı öz planları var. Hazırda bu ölkə vasitəsilə hər cür sanksiyalı avadanlığın qaçaqmalçılığı problemsiz həyata keçirilir və Rusiya sadəcə olaraq Ermənistanın “müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq” barədə ABŞ-nin təxribatlarının məsuliyyətini qonşularına – Azərbaycana, İrana, Türkiyəyə və hətta Gürcüstana ötürmək istəyir.
Maraqlıdır ki, hələ 2009-cu ildə ABŞ və Gürcüstan arasında “strateji tərəfdaşlıq” haqqında oxşar müqavilə imzalanmışdı. Lakin 2014-cü ildə Gürcüstanın müstəqil xarici siyasətinə görə ABŞ bu müqaviləni birtərəfli qaydada dayandırdı. Gürcüstan o vaxt yalnız Avropa İttifaqına üzvlük danışıqlarını dayandırmaq qərarına görə “günahkar” oldu.
Dövlət Departamentinin fikrincə, bu, hakim “Gürcü Arzusu” Partiyasının Konstitusiyaya “xəyanət” etməsi və Kremlin tərəfdarı olması demək idi".
Ekspert qeyd edib ki, Xartiyanın müəllifi Co Baydenin istefa verməyə hazırlaşan administrasiyasıdır:
“Bu administrasiya Azərbaycanla qarşıdurma siyasəti ilə məşhurdur və görünür, son olaraq erməni diasporuna hədiyyə verməyə çalışdı.
Buna görə də 20 yanvardan sonra bu sənəd Ermənistan millətçiliyinin reallaşmayan daha bir arzusu olaraq qala bilər. Çünki hər halda, Cənubi Qafqaz ölkələri ilə dialoqu Donald Tramp administrasiyası yeni səhifədən və bu bölgədəki maraqlarına uyğun şəkildə başlayacaq.
Təbii ki, ABŞ-nin köhnə və yeni administrasiyası da Cənubi Qafqazda Rusiyanın mövqelərini zəiflətməkdə maraqlıdır. Bu, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq sazişi imzalandıqdan sonra daha da aktuallaşacaq. Beləliklə, İranın reaksiyası hələ irəlidədir. Lakin əsas odur ki, hazırda İran və Rusiya Ermənistanın enerji ehtiyaclarının böyük hissəsini təmin edir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, ABŞ daha əvvəlki kimi bu regionda və ümumilikdə Yaxın Şərqdə hegemon deyil. Burada həm region ölkələrinin, həm də Çin, Hindistan və hətta Pakistan kimi ölkələrin maraqları üstünlük təşkil edir. Buna görə Ermənistan-Amerika bəyanatı hansısa niyyətlərdən bəhs etsə də, regionda siyasi balanslara əhəmiyyətli təsir göstərməyəcək”.
“Hər gün yeni kombinasiya, yeni şantaj və ya yeni memorandum”
Həmsöhbətimiz bildirib ki, bölgədə hər gün yeni kombinasiya, yeni şantaj və ya yeni memorandum ortaya çıxır. Bəziləri uzunmüddətli təsirlər yaradır, bəziləri isə “yaxşı günlərə” qədər rəfdə qalır. Amma Ermənistan üçün bu “yaxşı günlərin” yaxınlaşdığı görünmür:
"Hələlik Ermənistanın Fransa və digər Aİ ölkələri, həmçinin ABŞ ilə imzaladığı sənədlər əsasən daxili elektorata yönəlib və Paşinyan hökumətinin Qərbə yaxınlaşmaq istəyini göstərir. Bu, sadəcə olaraq gələcək seçkilər ərəfəsində bir piar addımıdır, yəni bundan artıq bir şey deyil".