Məlum olduğu kimi, 2025-ci ilin gəlişi özü ilə yeni xəbərlər də gətirdi.
Amma bu xəbərlər vətəndaşların ürəyincədirmi?
İctimai rəyə nəzər salsaq, hal-qəziyyənin heç də ürək açan olmadığını demək olar.
Belə ki, Tarif Şurası Yeni ildə “yeni artımlar”la yenidən gündəmə gəldi, kommunal xidmətlərin qiyməti təkrarən qaldırdı.
“Qiymət artımının əsaslandırması ağlabatan və yetərli deyil. Bu ilin ilk statusunu pozitiv əhval-ruhiyyədə yazmağı özümə söz vermişdim. Bir Allah şahiddir ki, hökumət buna imkan vermədi.”
Gununsesi.info xəbər verir ki, bu sözləri Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O, həmçinin bildirib:
“Bu gün hökumət işıq, qaz və suyun qiymətini artırdı. Cəmiyyətdə həm də ictimai yük daşıdığımdan, mən dərhal bu bahalaşmanın əsaslandırılması ilə maraqlandım. Artımın səbəblərinə, təbii qazın və elektrik qiymətinin artımına verilən əsaslandırmalara nəzər saldım. Baxıram ki, SOCAR, Azərenerji, Azərişıq kimi təbii inhisarçılar müraciət edib və Tarif Şurası onların xahişini yerinə yetirib. Təbii qazın qiymət artımı sadəcə “maya dəyərindən aşağı satılması” ilə izah edilib. Elektrik enerjisinin qiymət artımı isə təbii qazın qiymət artımına bağlanıb, çünki ölkədə elektrik enerjisi əsasən təbii qazla istehsal olunur. Vəssalam. Dairə qapandı.”
Osman Gündüz bu qərarların heç bir ağlabatan izahat verilmədən təqdim edildiyini bildirib:
“Bu nəhənglikdə qərar – cəmiyyətin bütün təbəqələrinin, kasıbın, orta təbəqənin, biznesin maraqlarına toxunan bir dövlət tənzimlənməsi – heç bir ağlabatan izahat verilmədən təqdim edilib. Düşünürəm ki, belə bir əsaslandırma bu miqyasda olan bir dövlət tənzimlənməsi üçün heç bir halda yetərli deyil. Bu, şəffaflıqdan uzaq bir yanaşmadır. Həmişə elan olunurdu ki, SOCAR-da, Azərenerji və Azərişıq-da ciddi optimallaşdırmalar aparılır, innovasiyalar tətbiq olunur, təkmilləşmələr aparılır.
Amma maya dəyəri yenə yüksək olaraq qalır. Belə olan halda cəmiyyətin də qazın maya dəyərinin necə hesablandığını və bu fərqin kompensasiyası üçün hansı tədbirlərin görüldüyünü bilməsi məntiqli olardı. Tarif Şurası və Antiinhisar Xidməti qiymət artımı tələb edən təbii inhisarçılardan əlavə texniki və iqtisadi əsaslandırmalar tələb etməli və bu haqda əhaliyə açıqlamalar verməlidir.”
Osman Gündüz onu da qeyd edir ki, texnoloji həllər və innovasiyalar haqqında ağlabatan açıqlamalar verilməlidir:
“Təbii qazın maya dəyərinin necə hesablanması, maya dəyərinin aşağı salınmasına yönəlik texnoloji həllər və innovasiyalar haqqında ağlabatan açıqlamalar verilməlidir. Əks halda, qupquru “maya dəyərindən aşağı satılır” ifadəsi nə yetərli, nə də ağlabatandır. İndiki halda cəmiyyətə bu formada qiymət artımı qərarını təqdim etmək, yumşaq desək, sayğısızlıqdır və qeyri-adekvat bir yanaşmadır. Ola bilər ki, həqiqətən də istehsal xərcləri və inflyasiyalarla bağlı qiymət artımı qaçılmazdır. Əgər belədirsə, adı çəkilən təbii inhisarçıların və hökumətin yüzlərlə savadlı mütəxəssislətinin, Tarif Şurasının bu artıma izahat verməsi, onu şəffaf və ağlabatan formada əsaslandırması doğru olardı.”