İRANDA 16 AZƏRBAYCANLI FƏAL HƏBS OLUNUB
Tarix: 5-09-2012, 12:16 |
Çap et
ONLAR SİLAHLI QRUPLAŞMA YARATMAQDA İTTİHAM OLUNUR
İranda 16 azərbaycanlı fəal azadlıqdan məhrum edilib.
APA-nın HRANA-ya istinadən verdiyi məlumatına görə, Xoy İnqilab Məhkəməsinin birinci şöbəsi onların hər birinə 6 ay həbs cəzası verib. Məhkəmə 9 milli-mədəni fəaldan başqa digərlərinin barəsində qiyabi qərar çıxarıb. Azərbaycanlı fəallar İranın Cinayət Məcəlləsinin 610-cu maddəsinə əsasən hökumət əleyhinə olan silahlı qruplaşmalarla əlaqədə olmaqda günahlandırılıblar.
Həbs cəzasına məhkum olunmuş azərbaycanlı fəallar Şirzad Hacilu, Şəhram Yüzbaşı, Bəhmən Nəsirzadə, İslam Əliəkbərlu, Həmid Purcəfərəli, Həmid Bayat, Cavad Sərvinaz, Mehdi Qiyasi, Siyavuş Həbibzadə, Behnam Hacıməhəmmədi, Arman Vəlilu, Məhəmməd Rəzzaqi, Eyvaz Bayat, Cəlil Qənilu, Məhərrəm Xoşa və Vahid Faizpurdur.
Qeyd edək ki, azərbaycanlı fəallar 2011-ci il sentyabrın 27-də ölkənin təhlükəsizliyini və asayişini pozmaq məqsədilə qrup yaratmağa cəhd göstərmək ittihamı ilə mərhum İbrahim Cəfərzadənin dəfn mərasimində həbs olunub və sonra mülk girovu qarşılığında azadlığa buraxılıblar.