Mövsüm Səmədov əfv fərmanı ilə azadlığa çıxa bilər - Rəsmi Bakı İranla münasibətlərini yoluna qoyub - GÖZLƏNTİ
Tarix: 3-05-2014, 10:32 |
Çap et
DİA.AZ: - Növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Bu barədə DİA.AZ-a hökumət içindəki bilgili qaynaq məlumat verib.
Xəbəri verən mənbə iddia edir ki, bu əfv fərmanı ilə bir çox tanınmış məhbusların azadlığa çıxması gözlənilir. Onların arasında Azərbaycan İslam Partiyasının fəalları da var. diaaz.space-a daxil olan məlumata görə, AİP sədri Mövsüm Səmədov da bu qəbildəndir və onun əfv ediləcəyi gözlənilir.
Bildirək ki, mərhum prezident Heydər Əliyevin doğumunun 91 illiyi münasibəti ilə 10 May tarixi ərəfəsində prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı haqda informasiyalar yayılıb.
Onu da xatırladaq ki, AİP sədri Mövsüm Səmədovun əfv olunması məsələsinin prezidentin bu günlərdə Tehran səfəri zamanı da müzakirə predmeti olduğu söylənilirdi.
Son zamanlar İranla münasibətlərini qaydasına salan rəsmi Bakının Mövsüm Səmədovla bağlı gözlənilən qərarı verməsi isə, rəsmi Tehrana edilən jest kimi dəyərləndirilir.