Məcburi köçkünlərlə bağlı mövzulara qəti baş qoşmaq fikrim yoxdur. Çünki qayıdış prosesi dövlətin marağında olan əsas prioritetdir və zamanla mərhələli şəkildə yoluna qoyulacaq. O baxımdan ictimai fikrin bu məsələdə hansısa rol oynayacağını düşünmürəm. Oynamadığına görə də fikir ayrılıqlarını mənasız hesab edirəm.
Bu sözləri “KONKRET.az” saytının redaktoru Sevinc Paşayeva Facebook sosial şəbəkə hesabında paylaşdığı videonu şərh edərkən yazıb.
Doğma yurduna qayıtmaq fikri olmayan yaşlı nənənin sözlərinə münasibət bildirən redaktor əlavə edib ki: “Mənə bir o çatmır ki, illərdir el-obasına tamarzı qalan bir adam doğma yurdu haqqında “pis dəyil” sözünü necə dilə gətirə bilir? Nənə yəqin unudub ki, onun “pis dəyil” dediyi Füzuli uğrunda nə itkilər vermişik, nə acılar çəkmişik… Dübarə, dövlət həmin ərazilərin bərpası üçün milyardlar xərcləyir ki, hamı indən sonra gedib öz evində rahat yaşasın. İndi bu ağbirçəyin belə danışığı yumşaq desək, naşükürlük, el-obaya dönüklük deyil, bəs nədir? Bu qadının fikirlərinə qarşı N qədər arqument gətirə bilərəm, amma uzatmaq istəmirəm. İndilik onun timsalında qayıtmaq könlü olmayan bütün həmvətənlərimdən rica edirəm… Ki, bu niyyətlərini açıb-ağartmasınlar, məsələnin daha çox mənəvi tərəfini düşünüb, dillərini dinc qoysunlar. Vətənpərvərlik hissi olmayan, pirinə təpik atan beş-on adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar, ən əsası da xalqı ruhdan, motivasiyadan salmasınlar!
Bu arada reytinq-filan-bəsməkan xətrinə qocaları dilləndirib ara qarışdıranları da şiddətlə qınayıram. Belə millət təəssübü çəkənsinizsə, gəlib bizim el-obanın camaatını da danışdırın, görün nə deyirlər! Yaşından-başından asılı olmayaraq minlərlə adam göstərə bilərəm ki, doğma yurda qayıtmaqdan ötrü sinov gedir, ayaqüstə qalıb, Qubadlı, Zəngilan deməkdən dil-dodağı təpiyib. Belələrinə də söz haqqı verin ki, Vətən, torpaq, həsrət, vüsal dərsi versinlər!
İkitirəlik yaradıb insanları bir-birindən, torpaqdan soyutmaq kişilik deyil! Bir az vicdan, bir az qeyrət, bir az da dərrakə… yetər!”