
Füzuli rayonunun Mahmudlu-2 kənd sakini, Azərbaycanda qanunsuz silah gəzdirməkdə və narkotik vasitələrdən istifadə etməkdə ittiham olunan 1980-ci il təvəllüdlü Vasifin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"DİA-AZ" "Teleqraf"a istinadən xəbər verir ki, o həmçinin Füzuli Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı və Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısını öldürmək niyyətində olub.
İttihama görə, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə əvvəllər məhkumluq həyatı yaşayıb. O, ibtidai istintaqa və məhkəməyə məlum olmayan tarixdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi çəkisi 737,88 qram olan qurudulmuş marixuananı yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evinə aparıb. Narkotiki evin həyətyanı sahəsindəki kolluqda iki şüşə bankanın içərisində saxlayıb.
Bundan başqa, qanunsuz olaraq əldə etdiyi qaz tapançasını Mahmudlu-2 kəndində yaşadığı evə gətirib və həyətyanı sahədəki yarımçıq tikilidə göy rəngli sellofan torbanın içərisində saxlayıb.
Təqsirləndirilən şəxsin arvadı və övladı qurudulmuş marixuananın saxlanıldığı kolluğu, həmçinin, qaz tapançası gizlədilmiş yarımçıq tikilini 17 avqust 2024-cü ildə, saat 11:00-da polis əməkdaşlarına təqdim ediblər.
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yerlərə qeyd olunan tarixdə və saatda baxış keçirilərkən Vasifin həmin kolluqda gizlətdiyi şüşə bankanın içərisində təmiz çəkisi 625,0 qram, digər şüşə bankanın içində polietilen torbada təmiz çəkisi 72,62 qram, doqquz ədəd kibrit qutusunda təmiz çəkiləri 4,61 qram, 4,48 qram, 4,44 qram, 4,71 qram, 4,33 qram, 4,39 qram, 4,47 qram, 4,43 qram, 4,40 qram marixuana, həmin tikilidə saxladığı qaz tapançası aşkarlanıb.
İstintaq orqanı tərəfindən Vasifin barəsində Cinayət Məcəlləsinin 228.4 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
"Atamın ölümü ilə bağlı artıq dördüncü dəfədir ki, tutuluram"
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Vasif ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, "nəşə" adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanadan 2009-cu ildən istifadə edir, bir dəfə Rusiya Federasiyasında, iki dəfə isə Azərbaycanda məhkum olunub:
"Hər hansı psixi xəstəliyim yoxdur. 2005-ci ilin oktyabr ayında Rusiyada olduğum vaxt atam öz ad günü ərəfəsində qətlə yetirildi. Rusiyadan gəldim, vəkil tutaraq cinayət işini araşdırdım, iş uzandı. Sonradan cinayət işi araşdırılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Atamın ölümünü anamla bacımın üstünə yıxdılar. Atamın ölümü ilə bağlı mən özüm artıq dördüncü dəfədir tutuluram".
"Bacısı qızını gətirəcəyini dedi"
Vasif qeyd edib ki, Bakı şəhərində Səməd bəy Mehmandarov küçəsində yaşayıb, sonra başqa ünvana köçüb: "Arvadım ifadəsində səhv qeyd edib. Təzə kirayənin adı çəkilməyib. 1 iyul 2024-cü ildə general Əliağa Şıxlinski küçəsinə köçmüşəm. 7 iyulda Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evimə, anama baş çəkməyə və həyətdəki körpə ağacları sulamağa getmişəm.
İyulun 12-də Bakı şəhərinə qayıtdım. Evə gələndə arvadım Günel mənə evin açarının itdiyini dedi, axşam tərəfi onun əmisi oğlu evimə gəldi. Bu barədə videokamera görüntüləri oldu. Günel zəng edərək qardaşımgilin yük hazırladığını, onu götürməli olduğumu bildirdi. Mən də narahat olmamağı, məsələdən xəbərimin olduğunu bildirdim.
Sonra Günel yenidən zəng edərək, oğlum Məhəmmədin ona verilən təzə evin açarını itirdiyini dedi. Cavabda ona narahat olmamağı, gələrək açarı tapacağımı, əks halda yenidən çıxartdıracağımı bildirdim.
Evə gələndə oğlumdan açarı harada itirdiyini soruşdum. Oğlum da açarı mindiyimiz liftdə itirdiyini bildirdi. Liftə nəzər yetirdim. Hörgünün arasına baxdıqda, açarın düşməsi üçün məsafənin olmadığını gördüm. Bu barədə uşağın üstünə çox getmədim. Oğlumla birlikdə yükləri evə daşıdıq. Güneldən yemək istədim. O da yemək hazır olmadığını, işə gedəcəyini, müştərilərin gözlədiyini bildirdi.
Ondan heç olmasa, gətirdiyim kənd məhsullarını yerləşdirməsini istədim. Aramızda narazılıq yarandı. Günel tələsdiyini, evin yolunu tanımayan bacısı qızını da evə gətirəcəyini söylədi. Nə qədər israr etsəm də, oğlumla birlikdə getdilər. On ikinci mərtəbədə kirayə qaldığımız evin qapısı üç dəfəyə bağlanırdı. Evdə gətirdiyim yükləri yerbəyer etdim. Yuyunaraq otağa keçdim".
"Müştərinin gəlmədiyini bildirdi"
Vasif bildirib ki, marixuana istifadəçisi olduğundan otaqda nəşənin qoxusunu hiss edib: "Özümə məxsus siyirmənin altında şəxsi istifadəm üçün narkotik vasitə vardı. Qoxunun həmin narkotikdən gəldiyini zənn etdim, siyirmənin ağzına kağız qoydum ki, kənar şəxs açanda bilim. Siyirmədə şəxsi əşyalarımı, pulları, mikrokartları saxlayırdım. Külqabı siyirmənin üzərində deyildi.
Siyirmədə saxladığım pullar da yoxa çıxmışdı və bütün bunlar məndə təəccüb yaradırdı.
Günel barəmdə olan informasiyaları öz əmisi oğluna, əmisi oğlu da əmilərinə ötürüb. İlk vaxtlar nə baş verdiyini anlamamışam. Evdə axtarışa davam etdim. Paltar dolabında torba tapdım, içərisində mənə məxsus olmayan nəşə və dörd büküm metamfetamin olub. Həmin qanunsuz predmetlərin üzərinə zibil tökdüm və əvvəlki kirayədə yaşadığım binada gizlətmək istədim ki, bu məsələni araşdırım.
Evdən çıxarkən fikirləşdim ki, on-on iki gün qabaq Günel kənddə olarkən məcbur mənim şəklimi çəkib. Mən özüm şəkil çəkdirməyi xoşlayan biri olmamışam. Günelin həmin şəkli polisə verməsini, polisin də məni şəkildən tanıyaraq tuta biləcəyini düşündüm.
Evimdən tapdığım torbadakı qanunsuz predmətləri elə torbadaca binanın blokunda təmirdən qalmış sement kağızlarının arasında gizlətdim. Evə qayıtdım və bacım qızı Gülşanəyə zəng etdim. Gülşanə metronun "28 May" stansiyasından çıxdığını, Günelin iş yerinə gedib, oradan da bizə gələcəyini bildirdi.
Sonra Güneli yığdım. Günel müştəri gözlədiyini dedi. Mən isə ona evdən çıxarkən müştərinin artıq onu gözlədiyini dediyini xatırlatdım. O da müştərinin hələ də gəlmədiyini söylədi. Günelə evə gələndə xəbər etməsini, gedəsi yeri olduğunu dedim".
"Kənar adamların olduğunu hiss etdim"
Vasifin ifadəsinə görə, hər dəfə rayona gedib gələndə külqabımın təmiz olduğunu, halbuki evdə olanda təmizlənmədiyini, həmin predmetin qoyduğu yerdə olmaması kimi şübhəli halları müşahidə edib:
"Pulların itməsi, evimdən marixuana çıxması və bütün bunların ailəmlə nə əlaqəsi olması barədə düşünmüşəm. Bir müddət sonra bacım qızı Gülşanə və arvadım Günel evə gəldilər. Böyük qayınım zavodda işlədiyi üçün çaxır gətirdi. Gülşanəyə içəsi olsalar, Günelə çoxlu çaxır içizdirməyi tapşırdım. Özüm isə yemək yedikdən sonra fikirli şəkildə otağıma getdim.
Günellə Gülşanə içkidən təsirlənərək şənlənməyə başladılar. Məhəmməd də onlarla birlikdə idi. Həmin gün Günel otağımda qaldı. Onu sorğu-suala tutdum. Bu zaman evə gəlib-gedən kənar adamların olduğunu hiss etdim. Günel yatandan sonra gecə gedib torbanı evə gətirdim. İçərisindəki dörd büküm metamfetamini sanitar qovşağa tulladım ki, onlarla birlikdə tutulacağım halda məsuliyyətim ağır ola bilər, qalan narkotik vasitəni isə yapışqan lentlə sarıyaraq evdən başqa yerə qoydum".
"Özünə qəsd edəcəyindən qorxdum"
Vasifin ifadəsinə görə, səhəri gün bacısı qızı Gülşanə getdikdən sonra arvadı Günelin mobil telefonunu sorğu-sualsız araşdırmağa başlayıb:
"Gecə də telefonu axtardım, lakin tapa bilmədim. Günelin telefonundan müəyyən etdim ki, iyulun 8-də saat yeddinin yarısından on birin yarısına kimi Günel evdə olmayıb. Həftənin birinci günləri Məhəmməd Günelin iş yerinin yanında - metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında idmana gedib. Arvadımın "WhatsApp" üzərindən danışıqlarına qulaq asdım, onun maşında hərəkət etməsini, ümumilikdə dörd saat yolda olmasını müəyyən etdim.
Güneldən harada olmasını soruşdum. Cavabında işdə olduğunu deyərək mənə etirazını bildirdi. Günelə onu kimin idarə etdiyini, ondan evə kimin gəlib-getdiyini, evdə nələrin baş verdiyini soruşdum. Cavabında heç kimlə əlaqəsi olmadığını bildirdi. Günelə evdən 30 000 manat pulun oğurlandığını söylədim.
Hansı evdən oğurlandığını soruşanda, belə nəticəyə gəldim ki, gələn şəxs kimdirsə, hər iki kirayə evə gəlib-gedib. Günelə yaşadığımız evdən deyil, kənddəki evdən oğurluq olduğunu bildirdim. Onu ağır formada vurdum, Məhəmməd aşağı düşəndən sonra Günel öz otağına getdi. Qapını bağlayandan sonra onun ünvanına nalayiq ifadələr işlətdim.
Günelə yalvararaq qapını açmasını istədim. Çünki özünə qəsd edəcəyindən qorxdum".
"Niyyətim öldürmək olub"
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 28-də 5 000 manat müqabilində narkotik vasitə almayıb: "Kredit götürmüşəm, o pula silah almaq istəmişəm. Atamın barəsində olan cinayət işinə hüquq-mühafizə orqanları tərəfindən baxılmadığı üçün silah almaq qərarına gəldim. Alacağım silahla Füzuli Rayon Polis Şöbəsinin keçmiş əməkdaşını, ya da Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısını vurmaq niyyətində olmuşam. Çünki həmin şəxslərin atamın ölümü ilə əlaqələri olub.
Hazırda barəmdə gedən cinayət işinin də həmin şəxslərlə əlaqəsi var, evimə narkotik vasitə mənim tutulmağım üçün qoyulub. Özüm narkotik istifadəçisi olsam da, 50 qramdan artıq nəşə almamışam".
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vasif 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, 2011-ci ilə kimi Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov olub.