
“2020-ci ildən sonra baş verən mina partlayışlarının əksəriyyəti xəritələrdə qeyd olunmayan ərazilərdə qeydə alınıb. Bu da Ermənistanın insan həyatına və beynəlxalq humanitar hüquqa qarşı açıq-aşkar laqeydliyini sübut edir”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
O vurğulayıb ki, Azərbaycan dünyada ən çox mina ilə çirklənmiş ölkələrdən biri hesab olunur: “Ermənistan tərəfindən Azərbaycanın vaxtilə işğal altında saxlanılan torpaqlarında təxminən 1,5 milyon mina və saysız-hesabsız partlayıcı qurğular yerləşdirilib. Faktiki olaraq, Azərbaycanın əleyhinə aparılan müharibənin dağıdıcı nəticələri dərin izlər buraxıb. Azərbaycan xalqı dəhşətli vəhşiliklərə, şəhər və qəsəbələrinin dağıdılmasına, talan edilməsinə, zəngin mədəni irsinin məhv edilməsinə, təbii sərvətlərin qarət olunmasına və ümumilikdə ətraf mühitin məhv edilməsinə məruz qalıb. Bununla belə, minaların davam edən mövcudluğu bu əzabları uzadır, azərbaycanlılar arasında hələ də yaralanma və ölüm hallarına səbəb olur, azad olunmuş ərazilərin bərpasını və yenidən qurulmasını ləngidir və təxminən 30 illik işğal və etnik təmizləmədən sonra keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına mane olur”.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, bu, Ermənistanın genişmiqyaslı minalanma prosesindəki əsas məqsədlərindən birinin keçmiş məcburi köçkünlərin evlərinə qayıdışını və bu ərazilərin inkişafını əngəlləmək olduğunu sübut edir: “Mina yerləşdirilməsi təkcə silahlı münaqişə zamanı deyil, həm də 2020-ci ildə müharibə başa çatdıqdan sonra da davam etdirilib. Ermənistanın minaları yerləşdirməsi, yalnız onun qalıq qoşunlarının Azərbaycan ərazilərini tərk etməyə məcbur edildiyi 2023-cü ilin sentyabrında aparılmış yerli antiterror tədbirlərindən sonra dayandırılıb. Bundan əlavə, 2021-ci ildə Azərbaycan ərazilərində Ermənistanda istehsal edilmiş minaların aşkar edilməsi, bu əməllərin məqsədli şəkildə əhalinin geri qayıdışına mane olmaq və mümkün qədər çox mülki itkilərə səbəb olmaq niyyətini açıq şəkildə göstərir”.
XİN başçısı bildirib ki, münaqişə 10 noyabr 2020-ci ildə bitdikdən sonra, 2024-cü ilin dekabr ayına qədər 382 azərbaycanlı, o cümlədən qadın və uşaqlar mina partlayışlarının qurbanı olmuşdur. Ümumilikdə, Azərbaycanın işğalı dövründən bəri mina partlayışları nəticəsində həlak olanların sayı 3,400-dən çoxdur. Bu rəqəm, gizli təhlükənin davam edən amansızlığını açıq şəkildə göstərir. Ermənistanın mina xəritələrini təqdim etməkdən imtina etməsi Azərbaycanda mina təmizləmə fəaliyyətini çətinləşdirir. Beynəlxalq təzyiqlər nəticəsində Ermənistan nəhayət ki, bəzi xəritələri təqdim etsə də, onların dəqiqliyi cəmi 25% təşkil edir.
Mina partlayışlarının birbaşa insan həyatına təhlükə yaratması ilə yanaşı, onlar həm də torpaq eroziyasına, ətraf mühitin çirklənməsinə, potensial ərzaq istehsalının məhdudlaşmasına, azad edilmiş ərazilərin bərpa və yenidən qurulmasının gecikdirilməsinə səbəb olur. Minaların yaratdığı problem həyatın bir çox aspektlərinə təsir edir və mina təmizləmə fəaliyyətini humanitar zərurətə çevirir”.