![Anasını söydü, həbs edildi: Anasını söydü, həbs edildi:](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739195521_0001.jpg)
Göygöldə anasını təhqir edən oğul həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1976-cı ildə Xanlar rayonu, Topalhəsənli kəndində anadan olmuş İ.Eşqin saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Eşqin yaşadığı evindən 50-60 metr aralıqda yaşayan anasının evinə gedərək, orada bacısının həyat yoldaşını və onun övladını görüb. Eşqin onlara "bura mənim dədəmin evidir, mən kimi istəsəm, burdan çıxardaram" deyib.
Eşqinin bu fikirlərinə anası etiraz edib. Bundan sonra o, anasını söyməyə başlayıb və qadını döyməyə cəhd edib. O, anasının şikayəti əsasında saxlanılıb.
Təqsirləndirilən şəxsin anası B.H. iddia edib ki, artıq 7 ildir iki oğlu onu təhqir edirlər. Qadın bildirib ki, 2018-ci ildən iki oğlu onu öz evindən qovublar. Daha sonra B.H. məhkəmə qərarı ilə evini geri alıb. Hər iki oğlunun mülk paylarını da verib.
Məhkəmədə B.H. oğlunun həbs edilməsini xahiş edib. Eşqin 10 gün müddətinə inzibati qaydada həbs olunub.