"Məktəb insanlara daha çox iki şey verib: təhsil və sosial bacarıqlar".
Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova "Cebheinfo.az"-a açıqlamasında deyib.
Onun sözlərinə görə, günümüzdə isə məktəblər sadəcə 20-30 faiz səviyyəsində təhsil verir:
"Bu gün kurslar və ya fərdi müəllimlər daha yaxşı təhsil verir. Hətta deyərdim ki, məktəb təhsil vermə funksiyasını böyük ölçüdə itirib. Hazırda Azərbaycan təhsil sistemində valideynlər müəllimdən və məktəb direktorundan daha nüfuzludurlar, hətta şagirdən artıq məktəbi istifadə edirlər.
Daha dəqiq desək, bunu edən analardır. Bir növ valideynlər məktəbin idarəsində sanki daha önplana çıxırlar. Valideynlərlə birgə iş zamanı anaların müdaxilələri ilə təhsil artıq qadınların idarəsinə çevrilib".
Ekspertin fikrincə, belə olan halda isə uşaqların fərdi bacarıqlarının inkişafı məhdudlaşır:
"Buna səbəb hazırda təhsilin hansısa proqram əsasında deyil, bəzi şəxslər üzərindən davam etməsidir. Hazırda təhsil sistemindəki vahid yanaşma prinsipi icra olunmur. Yəni proqramın gedişatına deyil, müəllimlərin xarakterinə görə dərslər keçirilir. Uşaqlarımız proqramın parçası olmaq yerinə, hansısa şəxsin yenilənmiş formasına bənzəyirlər.
Belə olan halda isə oğul övladı böyütmək daha çətin olur. Çünki məktəblər kişi yetişdirə bilmir. Hətta məktəbdə işləyən kişi müəllimlər belə qadınlarla baş etməyin çətin olduğunu deyərək istefa verirlər.
Nəticə etibarilə, yeniyetmə illəri bütövlükdə məktəb dönəminə düşən oğlan uşaqlarının rol model kimi müşahidə edəcəkləri şəxslərin sayı olduqca azalır. Xanım müəllimlərin təhsildə üstünlük təşkil etməsi deyil. Əsas problem təhsilin nəzarətsizliyidir".
Əfsanə Rüstəmova bildirib ki, valideynlərə işbirliyinin müsbətdən daha çox mənfi nəticələri özünü göstərir:
"Hansı valideyn güclüdürsə, onun vasitəsilə idarə olunur. Bunu görmək üçün məktəbə yox, uşaq psixoloqlarına müraciət etmək kifayətdir. Onlar məktəbdəki vəziyyətlə bağlı uşaqlardan aldığı səmimi hissləri birbaşa ötürə bilərlər.
Ona görə də təhsil sistemində dəyişikliklər olunmalıdır. Hazırda uşaqlar fərqli mühitdə böyüyürlər və müxtəlif resurslara sahibdirlər. Əvvəl məktəbin verdikləri şagirddən təəccüb, maraq və kəşfetmə duyğusu yaradırdı.
İndiki dövrdə isə məktəbin verdiyi hər şeyi uşaq gəlmədən artıq hazırlıqlardan və ya internetdən öyrənir. Ona görə də məktəb bu mövzuda aktuallığını itirib. Valideynlər məktəbə müdaxilə etdikdən sonra müəllimlər gücünü itirdilər".
Psixoloq diqqətə çatdırıb ki, məktəb normal təhsil versəydi, uşaqlar hazırlıqlara getməzdilər:
"Uşaqlar ailədən daha çox cəmiyyətlərdə böyüyürlər. Əvvəl fərqli ailələrdən gələn uşaqlar vahid yanaşma altında birləşirdilər. Onların bir-birilə uzlaşması və təhsilin keyfiyyətinin yüksək olması nəzərə çarpırdı.
İndiki halda isə tərbiyə və ya sosial adaptasiya tamamilə valideynlərin ixtiyarındadır. Onlar da hər biri fərqli elmi və dünya görüşünə sahibdirlər. Ona görə də məktəblə bağlı belə vəziyyət yaranıb".