Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Vaşinqton-Bakı münasibətləri vaxtaşırı gərginləşsə də, Azərbaycanın ABŞ üçün böyük əhəmiyyətə malik olması sirr deyil. Xüsusilə Azərbaycanın regional əhəmiyyəti, təbii ehtiyatlar ilə zəngin olması Ağ Evi bir çox məsələlərdə ehtiyatlı mövqe tutumağa vadar edir.
Azərbaycan ABŞ və Pentaqon üçün niyə vazkeçilməz ölkədir? Orta Asiya, Cənub Şərqi Asiya regionuna, Əfqanıstan məsələsi və s. amillər ölkəmizin mühüm rola malik olmasında nə dərəcədə rol oynayır?
Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, Azərbaycan coğrafi baxımdan ABŞ üçün çox strateji bir nöqtədə yerləşir:
“Azərbaycan Rusiya və İranın arasında yerləşir. Bu, çox mühüm detaldır. Yəni Azərbaycan bu iki ölkə arasında keçən dəhliz kimidir. Təsadüfi deyil ki, 2001-ci ildə Əfqanıstanda əməliyyatlar olarkən keçid üçün Azərbaycan ərazisindən istifadə olunmuşdu. Hətta bir müddət Azərbaycan NATO-nun şimal dəhlizi adlandı”.
F.Şəfiyev qeyd edib ki, təkcə coğrafi faktor deyil, siyasi faktor da Bakını Vaşinqton üçün əhəmiyyətini artırır:
“Bu gün Mərkəzi Asiyadan Avropaya uzanan başlıca yollar Azərbaycandan keçir. Rəsmi Bakının regionla əlaqələri, həmçinin Qərblə təmasları onu daha da önəmli edir. Bütün Mərkəzi Asiyanın Xəzər hövzəsinin geosiyasəti Azərbaycandan keçir. Bu haqda hətta Zbiqnev Kazimej Bjezinski də kitabında ətraflı bəhs edib”.