Rusiya Federasiyasının Dövlət Duması astroloqların və falçıların proqnozlarının Rusiya mətbuatında dərcinə qadağa qoyulmasını təklif edib, bunu yalançı elm və xurafatla mübarizə adlandırıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Dövlət Dumasının sədr müavini Boris Çernışov Rusiya KİV-lərinə astroloqların, falçıların və psevdoelmi sferanın digər nümayəndələrinin proqnozlarını dərc etməyi qadağan etmək təklifi ilə çıxış edib. O, “RİA Novosti” agentliyinə müsahibəsində qeyd edib ki, oxşar qadağa artıq Misirdə də qüvvədədir, burada milli yayım təşkilatı bu cür “mütəxəssisləri” telekanallarda və radio stansiyalarında yayımdan kənarlaşdırıb.
Çernışov vurğulayıb ki, Yeni il bayramları zamanı media məkanı “sehrbazların, astroloqların, falçıların, şamanların və digər proqnozlaşdırıcıların” açıqlamaları ilə aktiv şəkildə doldurulur. Onun fikrincə, əyləncə məzmunu kimi təqdim edilən bu cür materiallar xurafatın yayılmasına kömək edir, saxtakarlığa dözüm yaradır və cəhalətdən istifadə edir.
Deputat sehrbazların və ekstrasenslərin fəaliyyətinə hüquqi qiymət verilməsini, onların proqramlarının maarifləndirici layihələr, uğur hekayələri, elm və mədəniyyətin nailiyyətlərinə həsr olunmuş materiallarla əvəzlənməsini istəyib. O, həmçinin Rusiyanın aparıcı nəşrlərinin rəhbərliyinə müvafiq tövsiyələrlə müraciətlər göndərəcəyini vəd edib.