Xəbər verdiyimiz kimi, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı həbs olunub.
Belə ki, o, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.
Gununsesi.info xəbər verir ki, artıq barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Azər Qasımlı, Real Partiyasının keçmiş üzvü olan Qurbanəli Ömərin şikayəti əsasında həbs edilib.
Qeyd edək ki, sözügedən hadisə ictimaiyyətdə də birmənalı qarşılanmayıb.
Hadisənin təfərrüatları ilə bağlı REAL Partiyasının sədri Natiq Cəfərli saytımıza açıqlama verib.
O bildirir ki, həm Azər Qasımlının, həm də onu şikayət edən şəxsin partiyanın keçmiş üzvləri olmaqlarının məsələyə aidiyyatı yoxdur:
“Əgər Azər Qasımlını şikayət edən şəxsin REAL keçmiş üzvü olduğunu deyərək bizi də ittiham edirlərsə, bu məntiqlə, Azər Qasımlı özü də Real Partiyasının üzvü olub. Azər bəy də, həmin şəxs də 2019-cu ildə eyni anda, eyni vəziyyətdə bizdən gediblər və birgə fəaliyyət göstəriblər. Sonrakı proseslərdən isə bizim xəbərimiz yoxdur, sadəcə, yaxın əlaqələrinin olduğunu bilirik”.