HƏBSDƏKİ JURNALİSTLƏRİN SAYI ARTDI
Tarix: 2-05-2012, 13:06 |
Çap et
RATİ OQTAY GÜLALIYEVİ JURNALİST HESAB EDİR
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevin cinayət təqibini ifadə azadlığına təzyiq hesab edir.
Gülalıyevin həmçinin “Kür-Araz” və “Şəffaflıq” jurnallarının redaktoru olması ilə əlaqədar belə bir nəticəyə gəlinib. Sözügedən jurnallarda 2010-cu il daşqınının nəticələrinin aradan qaldırılması üçün ayrılmış büdcə vəsaitlərindən istifadə ilə bağlı araşdırma materialları nəşr olunurdu.
Eyni zamanda, “Kür-Araz” jurnalında daşqından ziyan çəkənlərin öz hüquqlarını müdafiə edə bilmələri üçün maarifləndirici materiallar dərc olunurdu.
RATİ-nin bəyanatında qeyd edilir ki, hazırda 8 jurnalist və KİV əməkdaşı həbsdədir ki, bu da Azərbaycanda ifadə azadlığı sahəsində vəziyyətin ağır olmasını göstərir. Bəyanatda bu jurnalistlərin siyahısı açıqlanır: “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və regional müxbiri Aydın Canıyev, “islamazeri.com” saytının redaktoru Ramin Bayramov, İranın “Səhər” telekanalının müxbiri Anar Bayramlı və qurumun sürücüsü Ramil Dadaşov, “Xəyal” telekanalının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev və Oqtay Gülalıyev.