ZİYA MƏMMƏDOVA QARŞI ÜSYAN PLANI
Tarix: 26-04-2012, 13:49 |
Çap et
NAZİRİN VERDİYİ VAXT BİTMƏK ÜZƏRƏDİR; TAKSİÇİLƏR DƏ HAZIRLANIR
DİA.AZ: - Məlum olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədov köhnə sovet maşınları ilə taksi xidməti göstərən sürücülərə 1 may tarixinə qədər müddət tanıyıb. Və artıq həmin müddətin dolmasına az qalıb. Və bütün gözlər həmin tarixdə baş verəcək hadisələrin intizarındadır.
Bununla bağlı DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən daxil olan məlumatda isə bildirilir ki, yaranacaq situasiyadan Ziya Məmmədovun rəqibləri istifadə etmək niyyətindədirlər: «Məlumdur ki, taksi sürücüləri hələ qərarın ilk verildiyi ərəfədə çox ciddi müqaviməti ortaya qoydular və davamlı olaraq keçirilən etiraz aksiyaları öz bəhrəsini verdi. Nəqliyyat Nazirliyi sürücülərə daha 5 aylıq müddət tanıdı».
Yenə də oxşar aksiyalara tədarük görüldüyünü bildirən mənbəmizin sözlərindən belə aydın olur ki, bu dəfə Ziya Məmmədovun rəqibləri taksi sürücülərini əməlli-başlı təşkilatlandırmaqla məşğuldurlar: «Hətta konkret sürücü qrupları da yaradılıb ki, həmin qruplar nazirlik hərəkətə keçdiyi andan etibarən davamlı aksiyalar təşkil edəcəklər»
Mənbəmizin sözlərindən o da aydın oldu ki, bu işin təşkilatçıları da elə hakimiyyətin öz içində qərarlaşıb: «Hətta taksi sürücülərinin qrup rəhbərlərinə aksiyalar üçün vəsait də ayrılıb. Çox ciddi pullar xərclənəcək. Başlıca məqsəd isə Ziya Məmmədovu istefaya göndərməyə nail olmaqdır».